Budapeştin mövqeyi Kremlin maraqlarına xidmət kimi qiymətləndirilə bilər
Ukrayna döyüş meydanında qalib gələ bilməz və münaqişə yalnız danışıqlar yolu ilə dayandırıla bilər. Nazir vurğulayıb ki, müharibə hər gün yeni itkilər və dağıntılar gətirir və sülh danışıqlarının dərhal başlanması daha geniş eskalasiyanın qarşısını almağın yeganə yoludur.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Macarıstanın Xarici İşlər naziri Peter Siyartonun mövqeyi Avropa İttifaqı və NATO daxilində mövcud fikir ayrılıqlarını daha da dərinləşdirə bilər:
“Çünki Avropa ölkələrinin əksəriyyəti Ukraynaya hərbi, maliyyə və siyasi dəstəyi davam etdirməyin tərəfdarıdır. Macarıstan isə əksinə, münaqişənin yalnız diplomatik yolla həll olunmasını vurğulayır. Hərbi dəstəyin uzadılmasının müharibəni daha da alovlandıracağını iddia edir. Bu isə Brüssel daxilində birliyin zəifləməsi, ortaq qərarların qəbulunda çətinliklərin artması və Macarıstanın təcrid olunması ehtimalını gücləndirir. Digər tərəfdən, Budapeştin mövqeyi Rusiya ilə münasibətləri gücləndirməyə yönələn siyasət kimi də qiymətləndirilə bilər. Macarıstan uzun müddətdir enerji asılılığı səbəbindən Moskva ilə yaxın əlaqələrini qoruyub saxlayır. Ukrayna məsələsində fərqli mövqe sərgiləməsi, həm də Macarıstanın Rusiya qarşısında balanslı tərəfdaş kimi görünməsinə imkan verir. Bu yanaşma Qərbdə Budapeştin Kremlin maraqlarına dolayısı ilə xidmət etdiyi fikirlərini gücləndirsə də, Macarıstan bunu öz milli maraqları və təhlükəsizlik strategiyası ilə əsaslandırmağa çalışır”.
Nuray Əliyeva