Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.
Mövzu ilə əlaqədar olaraq tarixçi Cəbi Bəhramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb:
“Cəbrayıl şəhərinin işğaldan azad olunması Azərbaycanın həm hərbi, həm də mənəvi tarixində xüsusi önəm daşıyan bir hadisədir. 1993-cü ilin avqust ayının sonlarında, təxminən 23–24-də Ermənistan Cəbrayıl rayonunu işğal edib. Rusiya hərbi-siyasi dairələri də dəstək olub. Bu, Azərbaycan üçün çox ağır və faciəli bir dövr idi. Amma o zaman xalqın ən böyük ümidi, ölkənin başında böyük siyasi təcrübəyə malik olan və XX əsrin ikinci yarısında dünya miqyasında tanınan siyasi şəxsiyyət - Heydər Əliyevin dayanması idi.
Ermənistanın bu rayona olan marağı təsadüfi deyildi. Cəbrayıl rayonu strateji mövqeyə malik idi: həm coğrafi baxımdan, həm də müdafiə imkanları baxımından əhəmiyyətli idi. Ermənistan bu əraziləri işğal etməklə yalnız hərbi üstünlük deyil, psixoloji və siyasi təzyiq vasitəsi də qazanmağa çalışırdı. Lakin onlar bu bölgənin azad olunmasının həm hərbi-strateji, həm də mənəvi yükünü dərk edə bilmədilər. Bu, yalnız Rusiya kimi aktorların anlayacağı dərəcədə böyük strateji dəyər daşıyırdı.
1994-cü ildə atəşkəs elan olunduqdan sonra Azərbaycan diplomatik və siyasi müstəvidə ardıcıl fəaliyyətini davam etdirdi. Nəhayət, 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azad olunması xalqımıza ilk böyük qələbə müjdəsi oldu. Bu qələbə Azərbaycan xalqının öz gücünə, dövlətinə və ordusuna inamının rəmzinə çevrildi. Cəbrayılın azad olunması gələcək zəfərlərin başlanğıcı oldu.
Bu hadisə yalnız hərbi baxımdan deyil, mənəvi baxımdan da xalqımıza böyük ruh verdi. Cəbrayıl, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Laçın və digər işğaldan azad olunmuş ərazilər hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs və strateji dəyərə malik torpaqlardır.
Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət yetirir. Artıq 200-dən çox dəfə işğaldan azad olunmuş bölgələrə səfər etmiş, o cümlədən Cəbrayıl şəhərinə dəfələrlə baş çəkmişdir”.
Tarixçi bildirib ki, xalqımız bu təcavüz qarşısında heç vaxt susmayıb:
“Burada həyata keçirilən bərpa və quruculuq işləri düşmənin və onun havadarlarının da diqqətini çəkir. Çox qısa müddət ərzində görülən genişmiqyaslı layihələr Azərbaycanın iradəsini və inkişaf potensialını nümayiş etdirir.
Beş il keçməsinə baxmayaraq, həmin günlərin emosiyası və tarixi əhəmiyyəti hər bir vətəndaşın yaddaşındadır. Cəbrayılın azad olunması Azərbaycan üçün təkcə torpaq deyil, milli ləyaqət və qürurun da bərpası idi. Bu tarixi qələbənin ildönümündə Azərbaycan xalqına veriləcək əsas mesaj budur ki, xalqımız heç vaxt işğalla barışmayıb və barışmayacaq. Bizim mübarizəmiz təkcə son 30 ilin məsələsi deyil. Əgər tariximizə nəzər salsaq, görərik ki, bu xalq əsrlər boyu azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb.
Məsələn, Qərbi Azərbaycanda, İrəvan mahalında yaşayan azərbaycanlılar tarix boyu işğalla razılaşmayıblar. Tarixdən məlumdur ki, ermənilər xarici qüvvələrin köməyi ilə hər zaman bizim torpaqlarımıza qarşı xain planlar qurublar. Lakin xalqımız bu təcavüzlər qarşısında heç vaxt susmayıb.
Biz heç vaxt heç kimin ağalığını qəbul etməmişik və bundan sonra da etməyəcəyik. Ulu Öndər Heydər Əliyev 1997-ci ildə ziyalılarla görüşündə demişdi: “İndi biz azadıq, müstəqilik, heç kimdən asılı deyilik. Öz tariximizin sahibiyik". O vaxtdan bu günə qədər böyük bir yol keçmişik. Bu gün Azərbaycan sözünü deyən, onunla hesablaşılan bir dövlətdir. Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan heç bir ciddi qərar verilmir.
Bu müstəqillik əbədi olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bu torpağı sevməli, ona sonsuz məhəbbət bəsləməli və öz əməyi ilə bu müstəqilliyin davamlılığını təmin etməlidir. Bu münasibətlə bütün xalqımızı 5 illik qələbə münasibətilə təbrik edirəm və inşallah, bu qələbənin 100 illiyini də, 1000 illiyini də gələcək nəsillər qeyd edəcək!".
Arzu Poladova
