Çexiya hökuməti Aİ-nin miqrasiya paktını rədd etdi
Prezident tərəfindən 15 dekabrda təsdiqlənən Çexiya hökuməti çərşənbə axşamı keçirilən ilk iclasında Avropa İttifaqının miqrasiya və sığınacaq paktını qəbul etmədiyini açıqlayıb. Qərar miqrasiya məsələlərində milli yanaşmanın üstün tutulması ilə əsaslandırılıb.
Məsələ ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Çexiya hökumətinin Avropa İttifaqının miqrasiya paktını rədd etməsi miqrasiya haqqında yeni qanunun qəbulu ilə bağlıdır:
“Bu məsələdə daha uyğun qərar qəbul etmək üçün öncə ölkə daxilində müvafiq qanunlarda dəyişikliklər gözlənilir. Bu imtinanın Avropa İttifaqı ilə Çexiya arasında nəzərəçarpan ziddiyyətin yaranmasına səbəb olmayacağı fikrindəyəm. Nazirlər Kabinetinin proqram bəyanatı layihəsində Aİ miqrasiya paktından imtina və miqrasiyanın, sığınacaq verilməsinin tənzimlənməsi üzrə yeni qanunvericilik aktlarının hazırlanması nəzərdə tutulur. Bu da onu göstərir ki, sözü gedən aktların qəbulundan sonra məsələyə yenidən baxıla bilər. Baxmayaraq qərara görə, hökumət qaçqınların Aİ ölkələri arasında kvotalarla bölüşdürülməsini rədd edib və qeyri-qanuni miqrantların tamamilə qəbul edilməməsi mövqeyini bildirilib, bu sahədəki mövcud narahatlıqlar aradan qaldırıdıqdan sonra paktın qəbul ediləcəyi mümkündür”.
Ekspert həmçinin bunu da qeyd edib ki, miqrant qəbulu ilə bağlı ölkənin problemlərlə qarşılaşması və boşluqların olması səbəbindən müvafiq qərar qəbul etməkdə də çətinliyin olması hazırki qərarın ən uyğun yol olduğunu göstərir:
“Hökumətin Aİ-də miqrasiya və sığınacaq verilməsi paktını mövcud formada rədd etməsi və onun sərtləşdirilməsinə fəal şəkildə çalışacağını qeyd etməsi də miqrasiya ilə bağlı, habelə miqrantlarla bağlı narahatlığın davam etdiyini göstərir. Çexiya Aİ-nin xarici sərhədlərinin gücləndirilməsində, qaçaqmalçılara qarşı mübarizədə və qeyri-qanuni miqrantların problemlərinin icma hüdudlarından kənarda həll edilməsinin zəruri olması fikrində israr edərək bu məsələ ilə bağlı hələlik mövqeyini bu şəkildə ortaya qoyur. Miqrantlarla bağlı problemlərin ölkənin inkişafına zərər vurduğunu, habelə müəyyən təhlükəsizlik məsələlərində narahatlıq yaratdığını düşünən Çexiya hökumətinin qəbul etdiyi bu qərarın Aİ-ı ilə münasibətlərə ciddi zərər vuracağını düşünməsək də hər halda İttifaq ölkələri ilə başqa sahələrdəki əlaqələrdə özünü büruzə verəcəkdir”.
Güllər Gülhüseynova
