Ceyhun Bayramov Misirin yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Hüsaməddin Effat Mustafa Rezanı qəbul edib.
"İnformator.az" xəbər verir ki, səfir Hüsaməddin Reza etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
C.Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Misir arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında əməkdaşlığın inkişafında liderlər arasında dostluq münasibətlərinin, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, hökumətlərarası komissiyanın fəaliyyətinin, habelə siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.