00:00:00
Yazar
Zəhra Həsənova
11.05.2026 21:12 26 3 dəq oxuma
Sosial

"ChatGPT" yaxın şəxslərə bildiriş göndərəcək - MÜTƏXƏSSİS AÇIQLAYIR

"ChatGPT" yaxın şəxslərə bildiriş göndərəcək - MÜTƏXƏSSİS AÇIQLAYIR

"OpenAI" "ChatGPT"yə yeni təhlükəsizlik funksiyası əlavə edib. Artıq yetkin istifadəçilər "etibar etdikləri şəxsi" seçə biləcəklər.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında İT mütəxəssisi Fərid Kazımov bildirib ki, belə texnologiyaya belə bir funksiya əlavə edilib:

 

" Yəni bu, çox yaxşı bir funksiyadır. Çünki son zamanlar bilirsiniz ki, süni intellektə qarşı müxtəlif ittihamlar səsləndirilir. Bildirilir ki, onlar müəyyən mənada psixoloji problemlər yaşayan insanlara, hətta intihar etməyi düşünən şəxslərə yanlış məsləhətlər verə bilirlər. Bütün bu ictimai rəyi və ictimai yükü nəzərə alaraq, ChatGPT bu texnologiyanı tətbiq etməyə başlayıb. Bu nə deməkdir? Bu o deməkdir ki, hər bir insan istədiyi halda tətbiq daxilində əlavə bir funksiya aktiv edə bilir. Həmin funksiyada istifadəçi xüsusi bir “kontakt şəxs” təyin edir və onun məlumatlarını daxil edir. Əgər insan psixoloji problem yaşayırsa, depressiyada və ya ağır vəziyyətdədirsə, sistem onun yazışmalarını analiz edir və müəyyən risk əlamətləri aşkar etdikdə bu barədə məlumat göndərilməsi mexanizmi işə düşür. Yəni sistem belə qiymətləndirir ki, “bu insana kömək lazımdır”. Sizin də qeyd etdiyiniz kimi, burada yanlış bildirişlərin olması ehtimalı var. Buna görə də əlavə bir mərhələ nəzərdə tutulub. Sistem problemi aşkar etdikdə məlumat birbaşa göndərilmir. Əvvəlcə mütəxəssislər təhlil edir. Bundan sonrakı mərhələdə prosesin necə işləyəcəyini məsələn, əlavə dərin analiz olub-olmayacağını  tam dəqiq demək çətindir. Amma təqdim olunan məlumata görə, əgər həqiqətən həmin şəxsin ciddi psixoloji problemlər yaşadığı müəyyən edilərsə, onda təyin olunmuş kontakt şəxsə məlumat göndərilir. Belə olan halda, müəyyən mənada ChatGPT məsuliyyəti öz üzərinə götürmüş olur. Yəni sistem anlayır ki, insanda problem var və onun yaxın çevrəsinə xəbərdarlıq edir ki, “sizin yaxınınız psixoloji çətinlik yaşayır, buna diqqət yetirmək lazımdır”. Mənim fikrimcə, bu yaxşı funksiyadır və psixoloji problemlər yaşayan insanlara müəyyən mənada kömək edə biləcək bir mexanizm kimi qiymətləndirilə bilər. Bilirsiniz, biz çox vaxt elə düşünürük ki, internetdə tam sərbəstik və heç kimin bizim fəaliyyətimizdən xəbəri yoxdur. Amma gəlin reallığa baxaq: bu gün internetdə insanların fəaliyyəti demək olar ki, tam şəkildə müşahidə olunur. Gmail istifadə ediriksə, Google bizi müşahidə edir. Instagram, Facebook və digər platformalar da eyni şəkildə istifadəçi davranışlarını izləyirlər. ChatGPT də müəyyən mənada bizi müşahidə edir. Çünki biz burada ən şəxsi fikirlərimizi, ideyalarımızı və başqa insanlarla bölüşmədiyimiz düşüncələri paylaşırıq. Ona görə də başa düşməliyik ki, internet artıq böyük bir rəqəmsal müşahidə sisteminə çevrilib".

 

İT mütəxəssisinin sözlərinə görə, harada hesabımız varsa, orada fəaliyyətimiz izlənilir:

 

" Gmail, Facebook, Instagram və digər platformalarda bizim davranışlarımız analiz olunur. Hətta hesabdan çıxmadığımız hallarda belə, istifadəçi məlumatları toplanır və bu məlumatlar əsasında milyardlarla dollar dəyərində reklam bazarı formalaşdırılır. İnsanların maraqlarına və davranışlarına uyğun məhsullar təqdim edilir və bundan böyük gəlirlər əldə olunur. Yəni artıq “internetdə bizi heç kim müşahidə etmir” düşüncəsi reallığı əks etdirmir. Çünki biz demək olar ki, hər yerə hesablarımız vasitəsilə daxil oluruq. Mən hesab edirəm ki, yaxın gələcəkdə hər bir insanın qlobal texnologiya şirkətlərində rəqəmsal profili, hətta müəyyən mənada “rəqəmsal surəti” olacaq. Məsələn, “Fərid Kazımov kimdir, nə ilə məşğuldur, maraqları nədir?” kimi məlumatların hamısı böyük texnologiya şirkətlərinin bazasında formalaşacaq. Bu rəqəmsal profil vasitəsilə insanları çox daha detallı şəkildə analiz etmək mümkün olacaq".

Selcan Xudiyeva

#açiqlayir #şəxslərə #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər