Çin , ABŞ və Britaniya gəmilərinin Tayvan boğazından keçməsini pisləyib
Çin ordusu cümə günü ABŞ və Britaniya hərbi gəmilərinin həssas Tayvan boğazından keçməsini qınayıb və bildirilib ki, həmin gəmiləri izləmək , xəbərdarlıq etmək üçün dəniz və hava qüvvələri hərəkətə keçirilib.
Çin Xalq Azadlıq Ordusunun Şərq Hərbi Dairəsi açıqlamasında ABŞ-yə məxsus USS Higgins esminesi və Britaniyanın HMS Richmond freqatının “təxribat xarakterli hərəkətlər” etdiyini bildirib.
“ABŞ və Britaniyanın bu addımı yanlış siqnallar verir.Tayvan boğazında sülh və sabitliyi pozur”,– deyə açıqlamada vurğulanıb. ABŞ və Britaniya orduları məsələ ilə bağlı şərh verməyib.
Ötən həftə isə Kanada və Avstraliyaya məxsus hərbi gəmilər də boğazdan keçib. ABŞ Hərbi Dəniz Qüvvələri və bəzən Kanada, Britaniya və Fransa kimi müttəfiq ölkələrin gəmiləri hər ay təxminən bir dəfə boğazdan keçir. Onlar Tayvan boğazını beynəlxalq sulardan hesab edirlər. Tayvan da eyni mövqeni bölüşür.
Çin isə Tayvanı öz ərazisi sayır və bu strateji boğazı özünə məxsus sular elan edir. Tayvan hökuməti isə Pekinin ərazi iddialarını rədd edir.
Reuters
Nuray Əliyeva