Çin–Avropa arasında yeni dəniz marşrutu istifadəyə verilir
Çinlə Avropa arasında yüklərin daşınması üçün daha sürətli və ekoloji baxımdan sərfəli hesab edilən yeni dəniz marşrutu istifadəyə verilir. Çin şirkəti “Sea Legend” konteyner gəmisi xətti bu həftə Arktika üzərindən keçən Şimal Dənizi Yolunu rəsmi olaraq istifadəyə buraxacaq.
Yeni marşrutun ilk reysi sentyabrın 24-də Çinin Ningbo Zhoushan limanından start götürəcək. Gəminin oktyabrın 10-da Böyük Britaniyanın ən böyük konteyner limanı olan Felixstowe-a çatması gözlənilir. Bu yol əvvəlki ənənəvi marşrutlarla müqayisədə yükdaşıma müddətini 40 gündən 18 günə qədər azaldacaq.
Ekspertlərin fikrincə, yeni dəniz xətti yalnız vaxt qazanmaqla kifayətlənməyəcək, həm də daşımaların ekoloji təsirini minimuma endirəcək. İlkin hesablamalara görə, bu marşrutun istifadəsi karbon emissiyalarını ənənəvi marşrutlarla müqayisədə təxminən 50 faiz azalda bilər.
Bununla belə, mütəxəssislər Arktikanın açılmasının bəzi risklər də yaratdığını vurğulayırlar. Buraya dəyişkən və sərt hava şəraiti, bölgədə infrastrukturun zəifliyi, həmçinin dəniz canlılarının ekosisteminə zərər ehtimalı daxildir. Buna görə də yeni marşrutun istifadəsi ilə yanaşı, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik tədbirlərinin də gücləndirilməsi tələb olunur.
Mütəxəssislər hesab edirlər ki, bu addım Çinin Avropa bazarlarına daha çevik çıxışını təmin etməklə yanaşı, qlobal logistika sektorunda da yeni rəqabət mühiti yaradacaq.
Reuters
Ədilə Hüseynzadə