Çin-Hindistan münasibətlərində istiləşmə
Çin xarici işlər naziri Van Yi gələn həftə Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval ilə ölkələrin mübahisəli Himalay sərhədi barədə danışıqlar aparmaq üçün Yeni Dehliyə səfər edəcək. Bu, 2020-ci ildə baş vermiş ölümcül toqquşmadan sonra ikinci belə görüş olacaq.
Ayın sonlarında Hindistanın baş naziri Narendra Modi Çin Prezidenti Si Cinpin ilə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşmək üçün Çinə səfər edəcək. Bu, Modinin son yeddi ildə Çinə ilk səfəri olacaq.
Son diplomatik fəallıq, oktyabr ayında patrul gərginliklərinin azaldılması barədə əldə olunmuş razılaşmadan sonra baş verib. Bu gərginlik illərdir ticarət, investisiya və hava əlaqələrinə mənfi təsir göstərib.
Əlaqələrin yaxınlaşmasına həm də ABŞ-lə Hindistan arasında yeni ticarət gərginliyi səbəb olub. ABŞ Prezidenti Donald Tramp Hindistan ixracına yüksək rüsumlar tətbiq edərkən, Pekin və Vaşinqton 90 günlük tarif atəşkəsini uzadıb.
Çin və Hindistan 2020-ci ildən bəri dayandırılmış birbaşa uçuşların bərpası barədə razılığa gəlib və Himalaylarda üç keçid məntəqəsində sərhəd ticarətini yenidən açmaq da daxil olmaqla ticarət məhdudiyyətlərinin yumşaldılmasını müzakirə edirlər.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caiswal bildirib ki, sərhəd ticarətinin bərpası sərhəd bölgələrində yaşayan əhaliyə fayda verəcək və insanlar arasında təmasları artıracaq.
ANEWZ
Güllər Gülhüseynova