Çin Rusiya turistlərinə vizasız rejim tətbiq edir
Çin, Si Cinpin və Vladimir Putinin görüşündən sonra rusiyalı turistlər üçün vizasız rejim tətbiq edəcəyini açıqlayıb.
Çin hökuməti bildirib ki, Pekində Çin və Rusiya prezidentlərinin görüşündən sonra Rusiya vətəndaşlarının Asiya nəhəngini ziyarət etməsi üçün bir illik vizasız rejim qüvvəyə minir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun keçirdiyi mətbuat konfransında deyib:
“Çinə iş, turizm, qohum və ya dost ziyarəti, mübadilə və ya tranzit məqsədilə 30 günədək səfər edən Rusiya vətəndaşlarına vizasız giriş icazəsi veriləcək”.
Vizasız rejim bu ilin 15 sentyabrından 2026-cı ilin 14 sentyabrınadək qüvvədə olacaq. Xatırladaq ki, Çin 2023-cü ildə “sıfır COVID” siyasətinə son qoyaraq sərhədlərini yenidən açdıqdan sonra, İspaniya kimi bəzi Avropa ölkələri də daxil olmaqla, çoxsaylı ölkələrin vətəndaşlarına 30 günədək vizasız qalmaq imkanı tanıyıb.
Haber Global
Nuray Əliyeva