“Dəhlizin açılması bütün region ölkələri üçün yeni imkanlar açır” - ŞƏRH
"Cənubi Qafqazda nəqliyyat yollarının yenidən açılması, azad ticarətin asanlaşdırılması və Avropa və Asiya da daxil olmaqla, müxtəlif regionları birləşdirən daha geniş iqtisadi şəbəkələrə investisiya qoyuluşu deməkdir”. Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov İnformator.aza açıqlamasında bildirib ki, Ermənistan Prezidentinin Cənubi Qafqazda nəqliyyat bağlantıları ilə bağlı açıqlaması, əslində regionda uzun illərdir müzakirə edilən Zəngəzur dəhlizinin TRİPP marşrutu ətrafında formalaşan yeni geoiqtisadi mərhələnin siyasi dilə çevrilmiş forması kimi oxuna bilər:
“Şübhəsiz ki, bu cür layihələr təkcə infrastruktur deyil, eyni zamanda təhlükəsizlik, suverenlik və regional güc balansı məsələlərini də birbaşa əhatə edir. Bu layihənin Cənubi Qafqazda uzunmüddətli sülhə real töhfə verib-verməyəcəyi əslində onun necə idarə olunmasından asılıdır. Məlumdur ki, nəqliyyat dəhlizləri tarixən münaqişə sonrası bölgələrdə etimad quruculuğu üçün mühüm rol oynayıb, çünki iqtisadi qarşılıqlı asılılıq siyasi gərginliyin azalmasına xidmət edir. Əgər bu marşrut razılaşdırılmış şəkildə, Azərbaycanın maraqları çərçivəsində fəaliyyət göstərəcəksə, o zaman bölgədə uzunmüddətli sabitliyə müsbət təsir göstərəcəyi şübhəsizdir. Ticarət dövriyyəsi və logistika xərcləri baxımından bu dəhliz potensial olaraq regionun iqtisadi xəritəsini dəyişə bilər. Cənubi Qafqaz hazırda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xəttlərinin kəsişməsində yerləşir. Əgər Azərbaycan ərazisindən keçən alternativ marşrutlarla yanaşı Ermənistan üzərindən açılan qısa yol effektiv işləsə, bu, daşınma müddətini azalda, logistika zəncirini optimallaşdıra və tranzit xərclərini aşağı sala bilər”.
Həmçinin şərhçi qeyd edib ki, xüsusilə, Avropa-Asiya ticarət axınlarında vaxt faktoru kritik olduğu üçün daha qısa marşrutlar rəqabət üstünlüyü yaradır:
“Bununla belə, real effekt yalnız infrastrukturun texniki keyfiyyəti, gömrük rejimlərinin sadələşdirilməsi və təhlükəsizlik təminatları ilə mümkündür. Yəni sadəcə yolun açılması deyil, onun işlək iqtisadi sistemə çevrilməsi əsasdır. Regiondakı digər güclərin münasibətinə gəldikdə isə bu, layihənin ən həssas tərəfidir. Rusiya ənənəvi olaraq Cənubi Qafqaz nəqliyyat marşrutlarında əsas oyunçu olub və indi onun nəzarətindən kənar dəhlizlərin formalaşması Rusiya tərəfindən qıcıqla qarşılanır. İran isə bir tərəfdən regionda Şimal–Cənub xətti üzərindən öz tranzit rolunu qorumağa çalışdığı üçün alternativ yolların yaranmasına ehtiyatla yanaşır, digər tərəfdən isə bu yolun bütün Türk dünyasını birləşdirmə potensialını da bildiyi üçün müxtəlif bəhanələrlə dəhlizin açılmasında maraqlı olmadığını nümayiş etdirir. Amma reallıq odur ki, dəhlizin açılması bütün region ölkələri üçün yeni imkanlar açır və şübhə yoxdur ki, dəhlizin fəaliyyətə başlamasından sonra Rusiya və İranın da mövqeyində istər-istəməz dəyişiklik olacaq. Digər maraqlı tərəflər isə dəhlizin tez bir zamanda işə düşməsində maraqlıdırlar. Türkiyə bu layihəni ümumilikdə dəstəkləyən aktor kimi çıxış edir, çünki bu, onun Azərbaycan vasitəsilə Orta Asiyaya çıxışını gücləndirir. Avropa İttifaqı isə daha çox iqtisadi sabitlik və alternativ enerji-logistika marşrutları baxımından maraqlıdır və ümumilikdə bu tip inteqrasiya layihələrini müsbət qiymətləndirir”.
Aytac İbrahimova