00:00:00
Yazar
Zəri Bayramlı
07.05.2026 21:18 31 2 dəq oxuma
Siyasət

Əraqçidən Pekinə mesaj: İran Çinin sülh prosesində fəal iştirakına ümid edir-ŞƏRH

Əraqçidən Pekinə mesaj: İran Çinin sülh prosesində fəal iştirakına ümid edir-ŞƏRH

İran Yaxın Şərq regionunda sabitliyin bərqərar edilməsində Çinin bundan sonrakı dəstəyinə ümid edir. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə görüşünün yekunları barədə "X" sosial şəbəkəsində bildirib. İran XİN rəhbərinin sözlərinə görə, danışıqlar konstruktiv keçib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında Pekin-Tehran xəttindəki bu yaxınlaşmanın strateji əhəmiyyətini şərh edib:

 

 

“Çin son illərdə Yaxın Şərqdə daha aktiv diplomatik aktora çevrilməyə çalışır və bu, xüsusilə, İran üçün mühüm strateji üstünlüklər yaradır. Birincisi, Çin İranın beynəlxalq təcridini qismən yumşalda bilən böyük iqtisadi və siyasi tərəfdaş rolunda çıxış edir. Pekin həm enerji əməkdaşlığı, həm investisiya, həm də beynəlxalq platformalarda siyasi balans baxımından Tehrana nəfəs sahəsi açır. Xüsusilə, ABŞ və Qərb təzyiqləri fonunda İran üçün Çinlə yaxın münasibətlər alternativ geosiyasi dayaq deməkdir. Digər tərəfdən, Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşdırılmasında vasitəçi rolunu oynaması Pekinin artıq sadəcə iqtisadi deyil, təhlükəsizlik və diplomatik oyunçu kimi də qəbul edilməsinə səbəb olub. Bu da Tehranın Çinə olan etimadını artırır və İran hesab edir ki, Çin bölgədəki böhranların idarə olunmasında daha neytral və praqmatik aktor ola bilər”.

 

 

Politoloqun sözlərinə görə, Çin daha çox iqtisadi asılılıq, ticarət marşrutları və diplomatik balans siyasəti üzərindən təsir göstərir:

 

“Çinin bölgədə real təsir imkanları olsa da, Pekin hələlik ABŞ kimi birbaşa hərbi-siyasi dominant güc statusuna malik deyil. ABŞ regionda hərbi bazalar, təhlükəsizlik ittifaqları və uzunmüddətli siyasi təsir mexanizmləri ilə üstün mövqeyini qoruyur. Çin isə daha çox iqtisadi asılılıq, ticarət marşrutları və diplomatik balans siyasəti üzərindən təsir göstərir. Buna baxmayaraq, İran-Çin münasibətlərinin güclənməsi Yaxın Şərqdə çoxqütblü güc balansını sürətləndirə bilər. Bu yaxınlaşma həm Rusiyanın, həm Çinin, həm də İranın Qərb təsirinə qarşı müəyyən koordinasiya yaratmaq cəhdlərinin bir hissəsi kimi görünür. Əgər Pekin gələcəkdə enerji təhlükəsizliyi və regional sabitlik naminə daha fəal təhlükəsizlik diplomatiyasına keçərsə, bu, Yaxın Şərqdə ənənəvi qüvvələr balansını ciddi şəkildə dəyişdirə bilər”.

 

Zəri Bayramlı

#prosesində #fəal #gündəm #pekinə #çinin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər