Dövlətin ordusuna sosial qayğısı: Hərbi qulluqçuların mənzil təminatında yeni mərhələ
Azərbaycan dövləti hərbi qulluqçuların sosial rifahının gücləndirilməsi istiqamətində ardıcıl addımlarını davam etdirir. İllərini Vətənə xidmətə həsr edən, çətin və məsuliyyətli vəzifələri yerinə yetirən hərbçilərin ən həssas problemlərindən biri olan mənzil məsələsi yenidən gündəmə gətirilib. Dekabrın 12-də keçirilən iclasda hərbi qulluqçuların mənzillə təmin olunması məsələsinə baxılması və 606 nəfərin tam təmirli mənzillərlə təmin edilməsi barədə qərarın qəbul edilməsi dövlətin orduya və hərbi qulluqçulara göstərdiyi sosial qayğının növbəti təzahürü kimi qiymətləndirilir.
Məsələ ilə bağlı hərbi ekspert İbrahim Rüstəmli "İnformator.az"a açıqlamasında bildirib ki, hərbi qulluqçuların mənzil problemi bu gün özünün ən yaxşı mərhələsindədir:
"Mən 1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərində orduda xidmət edən bir zabit kimi bunu deyə bilərəm. Ümumiyyətlə, Azərbaycan ordusu döyüş şəraitində formalaşan bir ordu olduğundan və ilk illəri xaos, qarşıdurma və siyasi çaxnaşmalarla müşayiət olunduğundan, bu sahədə ciddi irəliləyişlərə nail ola bilməmişdik. Yalnız 1994-cü ilin ikinci yarısında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra vəziyyət köklü dəyişdi. Həmin dövrdə Milli Məclisdə hərbi qulluqçuların statusu və sosial müdafiəsi ilə bağlı qanunlar qəbul olundu, silahlı qüvvələrin quruculuğu üçün möhkəm hüquqi baza formalaşdırıldı. Bu qanunvericilik bazası orduda digər sahələrdə olduğu kimi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də addımların atılmasına imkan verdi. 2000-ci ilə qədər bu sahədə ciddi dönüş olmayıb. Bunun səbəbi Azərbaycan dövlətinin yeni formalaşması, idarəolunan xaosdan çıxmaqla bağlı çətinliklər idi. Xarici təsirlər fonunda tərəqqidən, sosial müdafiə və rifah halından danışmaq çətin idi. Lakin Azərbaycan dövlətinin artan nüfuzu sayəsində ölkə yavaş-yavaş ayağa qalxdı və hərbi qulluqçuların sosial müdafiəsi məsələsi gündəmə gəlib".
Müstəqil Azərbaycanın ilk illərində hərbi qulluqçular üçün kifayət qədər mənzil fondu mövcud olduğunu bildirən ekspert qeyd edib ki, başda Rəhim Qazıyev olmaqla bir sıra şəxslər bu fondu dağıtıblar, mənzilləri ya satdılar, ya pay verdilər, ya da istifadə olunmaz hala gətirdilər:
“Bu gün belə böyük bir fondun itirilməsi hələ də böyük təəssüf doğurur. Daha sonrakı mərhələdə, xüsusilə Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra hərbi qulluqçuların sosial müdafiəsi istiqamətində daha əhəmiyyətli addımlar atıldı. Hər il büdcədən ordunun quruculuğu üçün ayrılan vəsait artırıldı, bəzi illərdə iki dəfəyə çatdı. Nəticədə, minlərlə mənzil həm xidmətdə olan hərbi qulluqçulara, həm də şəhid ailələrinə, müharibə veteranlarına, tərxis olunan zabitlərə, gizirlərə və miçmanlara təqdim edildi. Xüsusilə, şəhərin mərkəzindəki təmir olunan mənzillərin zabitlərə verilməsi həm sosial, həm də ordunun güclənməsi baxımından mühüm addım idi. Hazırda mənzili olmayan hərbi qulluqçulara kirayə haqqı ödənilir. Bu məbləğ ailə üzvlərinin sayına görə artır. Birdən-birə bütün hərbi qulluqçuları mənzillə təmin etmək mümkün olmadığından bu, böyük irəliləyiş və dəstəkdir”.
Bu məsələnin heç vaxt dövlətin gündəmdən çıxmadığını bildirən İbrahim Rüstəmli əlavə edib ki, Prezident İlham Əliyev son 20 ildən çox müddət ərzində Silahlı Qüvvələrin quruculuğunu prioritet elan edib və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi davamlı olaraq diqqət mərkəzində saxlayıb:
“Bu gün atılan addımlar əvvəlki illərlə müqayisədə daha geniş, əhatəli və ardıcıl xarakter daşıyır. Dövlətin bu istiqamətdə siyasəti həm hərbi qulluqçuların maddi rifahını təmin edir, həm də ordunun möhkəmlənməsinə xidmət edir. Bu sahədəki irəliləyişlər ordunun inkişafı və sosial rifah özünün ən yüksək mərhələsinə çatıb".
Xumar Emilqızı
