00:00:00
Yazar
Admin User
24.07.2023 10:09 289 2 dəq oxuma
Dünya

Dünya mediası üçün aktual mövzulara Şuşadan çağırış

Dünya mediası üçün aktual mövzulara Şuşadan çağırış

Şuşa Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılması idi.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, belə forumların keçirilməsinin əsas məqsədinin məhz Azərbaycan mediasında, ictimaiyyətində media savadlılığı sahəsində həyata keçirilən prosesləri dünyada gedən proseslərə inteqrasiya etmək və vahid şəkildə tətbiq etməkdir. “Şuşa Qlobal Media Forumunda rəqəmsal media mühitində transformasiya, media mühitinin müzakirələri və süni intellektin jurnalistikaya, media sahəsinə təsiri çox ciddi müzakirə olundu. Çap mediası, ənənəvi media və yeni media arasındakı fərqlər və yeni media dövründə bizim ənənəvi mediamızın dünyadakı ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparıldı. Forum çərçivəsində media savadlılığının dezinformasiyaya qarşı mübarizə üsulu kimi əsas istiqamət olduğu vurğulandı və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirildi.


Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “İnformator”a açıqlamasında forumun təkcə medianın problemləri ilə deyil, ümumiyyətlə, vacib olan məqamlarla yadda qaldığını vurğulayıb: “Şuşada keçirilən Qlobal Media Forumu son dərəcə ciddi əhəmiyyətilə fərqlənən bir forumdur. Məhz bu səbəbdən dünya mediasının diqqətini cəlb edir. Mən inanıram ki, forum bir ənənənin təməlini qoydu”.


Forumda yalnız Azərbaycan mediasında deyil, beynəlxalq jurnalistikada olan problemlərdən də danışıldığını deyən Vüqar Zifəroğlu bildirib ki, qaldırılan məsələlər bu gün təkcə Azərbaycan jurnalistikası üçün deyil, həm də dünya jurnalistikası üçün maraq doğuran problemli mövzulardır. “Ümumiyyətlə, forumun ilk günündə, cənab Prezident İlham Əliyevin çıxışı, jurnalistlərin suallarını cavablandırması, maraqlı mesajlar verməsi artıq bu forumun heç də sıradan bir forum olmadığını göstərdi".


İnformator.az forumun iştirakçısı, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimovanın da təəssüratlarını öyrənib. Pərvanə İbrahimova forumun yerli və xarici jurnalistlər üçün çox əlverişli olduğunu deyərək müzakirə edilən mövzuları da diqqətə çatdırıb: "Medianın üzləşdiyi müasir çağırışların, yeni texnologiyaların müzakirə edilməsində əlverişli rol oynayan forumda medianın gələcəyi, rəqəmsal dövrdə jurnalistika, kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları, jurnalistlərin təhlükəsizlik məsələləri haqqında danışılıb, maraqlı müzakirələr, diskussiyalar aparılıb".


Qeyd edək ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunda "Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu", "Mediada investisiya və istehlak tendensiyaları", "Təhlükəsizlik məsələləri" adlı sessiyalar keçirilib, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb.


Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini bir araya toplayan forum Kanada, Türkiyə, İspaniya, Pakistan, Rumıniya, Albaniya, Gürcüstan, Hindistan, Moldova, Özbəkistan, Misir, Qırğızıstan və digər dövlətlərin mediasının da diqqət mərkəzində olub.


Mikayıl Mirzəzadə

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər