Dünyada isti hava: Bəzi ölkələr fövqəladə vəziyyət elan etdi
Dünyada cərəyan edən iqlim problemi səbəbindən yay fəsli hər il insanlar üçün bir qədər də çətin keçir. İsti hava bir çox ölkədə problemə yol açıb. Hətta bəzi ölkələr fövqəladə vəziyyət elan edib.
İspaniyanın Kataloniya muxtar regionunun hakimiyyəti 24 bələdiyyədə quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edib. "Associated Press" agentliyinin məlumatına görə, həmin ərazilərdə sudan istifadə məhdudlaşdırılacaq. Gələn həftə qüvvəyə minəcək tədbirlər kənd təsərrüfatında və sənayedə suyun istifadəsinə təsir göstərəcək, lakin içməli suya təsir etməyəcək. Hovuzların və ictimai fəvvarələrin doldurulması, həmçinin bağların və parkların suvarılması qadağan ediləcək.
Fransada isə isti havalar insan ölümünə səbəb olub. Təkcə iyulda qeydə alınan yüksək tempratur səbəbindən 80 nəfər ölüb. Ölkənin Meteorologiya Agentliyi, xüsusilə cənub bölgələrindəki insanları isti havaya qarşı tədbir görmələri barədə xəbərdar edib. Eyni vəziyyət Cənubi Koreyada da baş verir. Ölkədə anomal istilər səbəbindən ölənlərin sayı 23 nəfərə çatıb.
İsti hava cənub qonşumuz İranda da bir çox problemə yol açıb. Hava ilə əlaqədar həftənin çərşənbə və cümə axşamı günləri bütün ölkə üzrə tətil elan edilib.
Türkiyədə isti hava səbəbindən ölkənin ən böyük gölü olan Van gölündə quruma davam edir. Məlumata görə, bu ilin yaz aylarında günəşli günlərin azalması, leysan yağışların çoxalması və temperaturun enməsi gölün suyunun artmasına səbəb olub. Lakin həddindən artıq isti keçən yay, yağıntıların azalması və isti havaların təsiri ilə buxarlanmanın çoxalması səbəbindən Van gölündə su getdikcə azalır. Belə ki, 4 kilometrlik Tatvan sahili boyunca göl bir xeyli geri çəkilib.
