Danimarka NATO-nun 4-cü Maddəsini işə salmağı planlaşdırmır
Danimarka hökuməti NATO-nun 4-cü maddəsini işə salmaq niyyətində olmadığını açıqlayıb.
NATO müqaviləsinin 4-cü maddəsinə görə, üzv dövlətlərdən hər hansı biri ərazi, siyasi müstəqillik və ya təhlükəsizliyinin təhdid altında olduğunu düşündükdə digər üzvlərlə məsləhətləşməlidir.
Danimarka Xarici İşlər Naziri Lars Løkke Rasmussen jurnalistlərə bildirib ki, “NATO tarixində 4-cü maddə yalnız doqquz dəfə işə salınıb, son iki hadisə Polşa və Estoniyaya aid olub. Buna görə bizim belə addım atmaq üçün əsasımız yoxdur".
Danimarka Baş Naziri Mette Frederiksen isə, bazar ertəsi günü Kopenhagen hava limanının bağlanmasına səbəb olan dron hadisəsini Avropada şübhəli Rusiya dron fəaliyyəti ilə əlaqələndirib. Lakin o, bu iddianı sübut edən heç bir dəlil təqdim etməyib və Moskva bu iddianı qəti şəkildə təkzib edib.
Eyni zamanda, Danimarka xarici işlər naziri ölkənin Ukraynaya 2,7 milyard Danimarka kronu (təxminən 422,43 milyon dollar) maliyyə yardımı göstərəcəyini açıqlayıb. Məbləğin böyük bir hissəsi Ukraynanın müdafiə sənayesinin dəstəklənməsinə yönəldiləcək.
ANEWZ
Güllər Gülhüseynova