Danimarkada məktəbə hücum planlayan 15 yaşlı şagird saxlanılıb
Danimarkanın cənub-şərqində yerləşən Kolding şəhərindəki özəl məktəblərdən birinə silahlı hücum planlaşdırdığı üçün 15 yaşlı oğlan şagird saxlanılıb.
Polis hadisənin üç şagird tərəfindən birlikdə planlaşdırıldığını açıqlayıb. Digər iki şübhəli dindirmədən sonra sərbəst buraxılıb.
Cənub-şərqi Yutland bölgəsinin polisi ötən cümə günü Sct. Michaels adlı özəl məktəbdə silahlı hücum planlaşdırıldığına dair məlumat aldıqlarını bildirib.
Hücumun, Danimarkada yay tətilinin başa çatacağı 11 avqust tarixindən dərhal əvvəl, Kolding şəhərindəki bu məktəbi hədəf almaq məqsədilə planlaşdırıldığı qeyd olunub.
Rəsmilər hadisənin qarşısı alındıqdan sonra nə məktəbdə, nə də ətraf ərazilərdə hər hansı təhlükə olmadığını vurğulayıblar. Hədəf alınan məktəbdə təhsil alanların təhlükəsizlikdə olduğu bildirilib.
Adam öldürməyə cəhd ittihamı ilə günahlandırılan 15 yaşlı şübhəli prokurorluğun tələbi ilə məhkəməyə çıxarılıb və dörd həftəlik müvəqqəti həbs qərarı verilib.
Bələdiyyənin yaydığı mətbuat açıqlamasına əsasən, şübhəlilərin heç biri hücum planlaşdırılan məktəbin deyil, başqa bir məktəbin şagirdləridir.
TRT HABER
Solmaz Muradova