00:00:00
Yazar
Səadət Əlizadə
24.04.2026 17:44 26 3 dəq oxuma
Sosial

 

Davranış problemi: Ailə, məktəb və psixoloqun ortaq məsuliyyəti

 

Davranış problemi olan uşaqlara yanaşmada əsas məqsəd onları cəzalandırmaq deyil, anlamaq və düzgün istiqamətləndirməkdir.
 Davranış problemi: Ailə, məktəb və psixoloqun ortaq məsuliyyəti

Məktəblərdə davranış problemi olan şagirdlərlə bağlı müzakirələr hər dövrdə müəyyən qədər aktuallaşır. Əksər valideynlər hesab edirlər ki, çətin tərbiyə olunan uşaqları əvvəlcədən müəyyənləşdirib, onlarla bağlı vaxtında qərar vermək lazımdır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, məktəbdə davranış problemi olan uşaqlarla davranış çox həssas və diqqətli şəkildə qurulmalıdır:


“Burada verilən hər bir qərar və yanaşma uşağın gələcəyinə və şəxsiyyətinin inkişafına birbaşa təsir göstərir. Uşaq kiçik yaşlarından “problemli” kimi qiymətləndirilərsə, bu onun psixologiyasına mənfi təsir edə bilər. Belə olduqda uşaq özünü bu şəkildə qavramağa başlayır: “mən problemliyəm, hər kəs məni belə görür”. Zamanla bu düşüncə qəbul edilir və həyatına təsir göstərir.
Bu proses psixologiyada özünü doğruldan proqnoz kimi tanınır. Yəni uşaq ona verilən proqnoza uyğun davranmağa başlayır. O düşünür ki, “hər kəs məni belə görürsə, mən də belə davam edim”. Bu isə özünə inamın azalmasına, özgüvənsizliyə, motivasiyanın düşməsinə və ətrafdan uzaqlaşmaya səbəb ola bilər.
Ailə mühiti uşağın formalaşmasında çox önəmli faktorlardan biridir. Uşaq kiçik yaşlarından davranış modellərini ailədən götürür. Əgər ailədə davamlı gərginlik, aqressiya, laqeydlik, həddindən artıq sərbəstlik və ya uşağa qarşı qeyri-sabit reaksiyalar varsa, uşaq bu davranışları təkrarlamağa başlayır. Digər tərəfdən, həddindən artıq sərbəstlik də uşağın öz davranışlarını tənzimləməsində çətinlik yaradır. Sağlam mühit isə sevgi, diqqət, sərbəstlik və azadlığın balanslı şəkildə idarə olunmasıdır”.


Əlavə olaraq psixoloq qeyd edib ki, məktəb mühitində isə uşaqlara yanaşma cəzalandırıcı deyil, istiqamətləndirici olmalıdır:

 

“Bu uşaqlar davranışlarına görə rədd edilməməli, əksinə başa düşüldüklərini hiss etməlidirlər. Bu baxımdan müəllimlər və psixoloqlar birlikdə əməkdaşlıq etməli, uşağın davranışının səbəblərini araşdırmalı və lazım gəldikdə onunla fərdi şəkildə işləməlidirlər.
Uşağın müsbət davranışları və fərdi bacarıqları ön plana çıxarılmalı, onun inkişafına dəstək verilməlidir. Sosial inkişafı da nəzərə alınmalı, o, kənarlaşdırılmamalı, əksinə kiçik uğurları belə vurğulanmalıdır. Uşağa özünü faydalı hiss etməsi üçün şərait yaradılmalıdır.
Nəticə olaraq, “çətin uşaq” anlayışı çox zaman davranışın özündən çox, onun arxasında dayanan ehtiyacları görməməkdən qaynaqlanır. Bu ehtiyacları düzgün anlamaq və dəstək vermək isə yalnız valideyn, müəllim və məktəb psixoloqunun birgə əməkdaşlığı ilə mümkün olur”.

 

Təhsil məsələləri üzrə mütəxəssis Aytac İsmayılova  “İnformator.az”a açıqlamasında bildirib ki, müəllimlərin xüsusi hazırlığı mütləq şəkildə olmalıdır:


“Müasir dövrdə müəllim təkcə fənnini tədris edən şəxs deyil, həm də bir psixoloq və fasilitator olmalıdır. Müəllimlər şagirdin aqressiyasının arxasında duran səbəbi (ailə daxili problemlər, bulinq, uğursuzluq qorxusu) anlamaq üçün emosional intellekt təlimləri keçməlidirlər.
Sinifdə yarana biləcək konfliktlər zamanı müəllim emosiyalarına qapılmadan vəziyyəti sakitləşdirməyi bacarmalıdır. Hər bir davranış probleminin kökü fərqlidir. Müəllim standart cəza metodlarından deyil, uşağın xarakterinə uyğun bərpaedici yanaşmalardan istifadə etmək üçün xüsusi hazırlıqlı olmalıdır.
Təcrübəmə əsasən deyə bilərəm ki, sərt cəza metodları adətən əks-effekt verir. Əvəzində bu metodlar daha effektivdir ki, şagirdin neqativ davranışını vurğulamaq yerinə, onun ən kiçik müsbət addımını (məsələn, dərsi sakit dinləməsi) qeyd etmək və təqdir etmək. Bu, uşaqda "yaxşı davranışla da diqqət çəkə bilərəm" düşüncəsini formalaşdırır”.


Mütəxəssis əlavə olaraq vurğulayıb ki, "çətin" uşaqlara çox vaxt sinifdə vacib tapşırıqlar verilməlidir:


“Məsələn, "sinif intizamına nəzarət" və ya "texniki avadanlığın qorunması" kimi öhdəliklər onlarda aidiyyat və məsuliyyət hissini artırır. 
Ən önəmlisi isə, şagirdi bütün sinfin qarşısında danlamaq deyil, təkbətək söhbət etmək lazımdır. Söhbət zamanı "Niyə belə etdin?" sualı yerinə, "Bu hərəkətin kimə necə təsir edib?" və "Vəziyyəti düzəltmək üçün nə edə bilərik?" sualları verilməlidir.
Davranış problemi yalnız məktəbdə həll oluna bilməz. Bu prosesdə valideynlə sıx əməkdaşlıq və məktəb psixoloqunun peşəkar dəstəyi mütləqdir.
Valideynlərin "xüsusi məktəb" tələbinə gəldikdə isə, bu, ən son addım olmalıdır. Uşağı cəmiyyətdən təcrid etmək deyil, onu mövcud mühitə adaptasiya etmək əsas hədəfimizdir. Çünki məktəb təkcə bilik yeri deyil, həm də həyatın kiçik bir modelidir”.


Səadət Əlizadə

#Çətin #tərbiyə #psixoloq #ekspert #açıqlama
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər