00:00:00
Yazar
Səadət Əlizadə
04.11.2026 20:44 14 4 dəq oxuma
Dünya

Demokratlar ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

Demokratlar ABŞ Nümayəndələr Palatasında da qalib gəlib

ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası Nümayəndələr Palatasında da uğur qazanıb. Seçkilərin nəticələri partiyanın Konqresdə mövqelərini gücləndirdiyini göstərir. Nəticələr ABŞ-də siyasi qüvvələr arasında balansın dəyişməsi baxımından əhəmiyyətlidir.

 

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Azad Məsiyev bildirib ki, ABŞ- də keçirilən seçkilərin nəticəsi tək Amerika cəmiyyətinə deyil, dünyadakı proseslərə də təsir edəcəkdir:

 

“Bildiyiniz kimi, Amerika dünyada güc mərkəzi kimi ictimai, siyasi və iqtisadi proseslərə birbaşa təsir göstərir. ABŞ cəmiyyətində baş verən hadisələr prezident Donald Trampın siyasətinin məntiqi nəticəsidir. Onun fəaliyyəti təkcə Respublikaçılar Partiyasına deyil, ABŞ-nin beynəlxalq imicinə də ciddi zərər vurur. Trampın xarici siyasəti birbaşa daxili siyasətə təsir edir və dünyada yaratdığı anarxiya Amerika cəmiyyətində də fəsadlara səbəb olur. Cəmiyyət isə buna reaksiyasını seçkilərdə göstərir. Respublikaçıların uğursuzluğu birbaşa Trampın siyasəti ilə bağlıdır. Bu baxımdan, partiya gələcək fəaliyyətinə yenidən nəzər salmalı və diqqətini yalnız Tramp üzərində cəmləməməlidir. Respublikaçılar arasında dövlətçilik təcrübəsi və ictimai-siyasi nüfuzu olan kifayət qədər şəxslər var. Hesab edirəm ki, partiya Trampın siyasətindən nəticə çıxararaq gələcək üçün yeni strategiya müəyyənləşdirəcək. Təbii ki, demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluq əldə etməsi Trampın siyasətinə müəyyən təsir göstərəcək. Artıq Tramp demokratlarla əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib. İndiyədək Demokratlar Partiyasını sərt tənqid edən Trampın indi geri çəkilərək onlarla əməkdaşlığa çalışması onun qeyri-ciddiliyinin bariz nümunəsidir”.



Politoloqun sözlərinə görə, Trampın apardığı siyasət Amerika cəmiyyətinə birbaşa təsir edir:

 

“Trampın indiyədək apardığı siyasət işğalçılıq xarakteri daşıyır. İstər Venesuelada, istərsə də İranda həyata keçirilən siyasət regional proseslərə birbaşa təsir göstərir. İranda apardığı hərbi əməliyyatın siyasi baxımdan uğursuzluğa düçar olması Amerika cəmiyyətinin seçkilərdə demokratlara səs verməsinə səbəb olub. Bu ərəfədə Tramp hər vəchlə İrana təzyiq göstərərək müəyyən sənədi imzalatmağa və bunu Amerika cəmiyyətinə qələbə kimi təqdim etməyə çalışır. Lakin İran dövləti öz milli maraqlarını nəzərə alaraq Trampın diktə etdiyi şərtləri qəbul etməyib. Nəticədə İranın müqaviməti dolayısı ilə demokratların qələbəsinə təsir göstərib.

Bu baxımdan, demokratların həm Konqresdə, həm də Senatda üstünlük əldə etməsi Trampın siyasətinə ümumilikdə təsir edəcək. Hətta bu yaxınlarda keçirilən mətbuat konfransında İrandakı əməliyyata təxminən 40 milyard dollar vəsait xərclənməsi ilə bağlı suala Tramp belə cavab vermişdi: “Biz itirdiyimiz 40 milyardı Venesuelada əldə etdik”.

Bu açıqlama Venesuelaya qarşı işğalçılıq siyasətinin bariz nümunəsidir. Belə ki, ABŞ narkotiklərlə mübarizə adı altında Maduroya qarşı əməliyyat keçirərək onu yaşadığı evdən aparıb və ölkənin neft resurslarına nəzarəti ələ keçirib. Trampın İranda itirilən vəsaitin Venesueladan əldə edildiyini açıq şəkildə bildirməsi isə ABŞ-nin işğalçılıq siyasətini bir daha nümayiş etdirir. Bu cür siyasət Amerika dövlətini həm daxildən, həm də beynəlxalq müstəvidə sarsıdır”.

 

Həmçinin o qeyd edib ki,  Amerikada Trampın siyasəti nəticəsində Amerikanın beynəlxalq imicinə böyük bir zərbə gəlib:



“Öz müttəfiqlərini özünə qarşı qaldırıb. Kanadaya "Amerikanın 51-ci ştatı" deyərək Kanada ilə münasibətləri soyudub və Qrenlandiya Amerikanın nəzarətində olma kimi çağırışlar bəyan edib. Hətta Trampın özü açıq bəyan elədi ki, İran əməliyyatında NATO blokuna daxil olan dövlətlər Amerikanı tək qoyub. Bu o deməkdir ki, artıq müttəfiqləri Amerikaya dəstək vermir. Trampın bu cür uğursuz siyasətləri demokratların əlinə povud verib, bundan da Amerika cəmiyyətində respublikaçıların əleyhinə istifadə edərək qələbə qazandılar. Artıq respublikaçılar seçkilərdə məğlubiyyətə düçar olub. Tramp artıq seçkinin nəticələrini etiraf etməkdədir. Seçkidə yaxın vaxtlarda Amerikanın istər xarici siyasətində, istərsə də daxili siyasətində ciddi qarşıdurmalar olacaqdır. Tanınmış Amerika ekspertləri, nüfuzlu təhlil mərkəzləri, BMT mərkəzləri açıq şəkildə bəyan edirdilər ki, Amerika dövlətini artıq İsrail idarə eləyir. İsrailin təzyiqi ilə Amerika İranda hərbi əməliyyat başlatdı. Bu cür fikirlər təbii ki, Amerika cəmiyyətində ciddi narazılıq yaradıb”.

 

Ekspert bildirib ki, seçkinin nəticəsinin belə olacağı əvvəlcədən görünüb və dəfələrlə müsahibələrimizdə də qeyd etmişik ki, respublikaçıların məğlubiyyəti danılmaz olacaqdır:

 


“Artıq nəticə məlumdur. Nəticə isə ciddi fəsadlar verəcəkdir, çünki dediyim kimi Trampın apardığı avantür siyasəti məsuliyyətsiz bəyanatları istər Amerika cəmiyyətində, istərsə də beynəlxalq ictimaiyyətdə ciddi narazılığa gətirib çıxarır ki, bu da özünün siyasətdə göstərəcəkdir. Çünki demokratlar istər senatda, istərsə də nümayəndələr palatasında prezidentin fəaliyyətinə qiymət verdikdə təbii ki, ona təzyiqlərində genişləndirəcəkdir. Amerika prezidenti Tramp gələn iki il müddətini vaxtından qabaq təhvil verə bilər”.

 

Aysu Abbasova

#nümayəndələr #yeni #palatasında #gündəm #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər