Yanğınsöndürənlər tüstünün içindən görməyə imkan verən texnologiyadan istifadə edəcək
Yanğınsöndürənlərin təhlükəli şəraitdə daha sürətli və təhlükəsiz hərəkət etməsi üçün artırılmış reallıq texnologiyası əsasında xüsusi dəbilqə hazırlanıb. C-THRU adlı sistem tüstü ilə dolu binalarda istiqaməti müəyyənləşdirməyə və yanğınsöndürənlərin hərəkət sürətini beş dəfəyədək artırmağa imkan verə bilər.
Texnologiya Qwake Tech şirkətinin həmtəsisçisi Sam Cossman və mütəxəssislərdən ibarət komanda tərəfindən hazırlanıb. Layihənin ideyası Cossmanın vulkan kraterində olarkən tüstü və buxar səbəbindən ətrafı görə bilməməsi ilə bağlı təcrübəsindən yaranıb. O, ənənəvi termal görüntüləmə sistemlərinə alternativ axtararaq yanğınsöndürənlərin birbaşa baxış sahəsində real vaxt rejimində görüntü və istiqamət məlumatları təqdim edən texnologiya üzərində işləməyə başlayıb. C-THRU dəbilqəsi artırılmış reallıq ekranı vasitəsilə yanğınsöndürənlərə tüstülü mühitdə hərəkət etməyə kömək edir. Texnologiya xilasedicilərin çətin şəraitdə daha çevik fəaliyyət göstərməsinə və fövqəladə hallara müdaxilənin effektivliyinin artırılmasına xidmət edir. Layihə texnologiya mütəxəssisləri ilə yanğınsöndürənlərin əməkdaşlığı nəticəsində ərsəyə gəlib və gələcəkdə xilasetmə əməliyyatlarında mühüm rol oynaya bilər.
Mənbə:BBC
Güllüzar Nəbili