Dəhlizlərə əlavə dəyər qatılıb
Zəngəzur dəhlizi rəqabət göstəricisi deyil, o, digər dəhlizlərə əlavə dəyər qatıb. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun on üçüncü sessiyasında deyib.
“Zəngəzur dəhlizi iki ölkə arasında 30 ildən sonra bir barışıq sazişi olacaq. Sözsüz ki, bu dəhliz açılarsa, iqtisadi münasibətlərə müsbət təsir edəcək. Bəzi qüvvələr düşünür ki, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə digərlərinə üstün gəldiyini nümayiş etdirib. Amma reallıq tam əksidir. Məqsəd Bakı–Tbilisi dəhlizi, eləcə də digər dəhlizlərə əlavə qatmaqdır”.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Zəngəzur dəhlizinin açılması Güney Qafqazın rolunu ciddi şəkildə artıracaq:
"Belə ki, məhz Orta Dəhlizin əsas komponentlərindən biri olan Zəngəzur dəhlizinin açılması burada yükdaşımaların əhəmiyyətini ciddi şəkildə artıracaq. Bu sayədə bura etibarlı qovşağa çevriləcək. Nəzərə alsaq ki, hər il buraya 10–12 milyon ton yük daşına bilər. Dəhlizin açılması ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi yekunlaşacaq. Bölgədə iqtisadi əlaqələr güclənəcək. Daşınma müddətinin azalması ilə maya dəyəri aşağı düşə bilər. Mallar istehlakçılara daha ucuz qiymətə çatacaq. Dəhlizin iqtisadi faydalarından yanaşı, siyasi faydaları da olacaq. Zəngəzur dəhlizinin açılması bölgənin beynəlxalq əhəmiyyətini artıracaq. Bölgədə sülh və sabitlik təmin olunacaq. Dəhlizin açılması Azərbaycanın birləşməsi deməkdir. Naxçıvanla birbaşa əlaqələr yaradılacaq. Azərbaycandan Avropaya ixrac olunan yüklər daha qısa müddətdə çatdırılacaq".
Aygün Babayeva