00:00:00
Yazar
Ayan Sədi
06.05.2026 13:20 41 3 dəq oxuma
Müsahibə

“Dil öyrənmək lüğət əzbərləmək deyil” – Nigar Xəlilova

“Dil öyrənmək lüğət əzbərləmək deyil” – Nigar Xəlilova

İlk olaraq harda oxuduğunuz və niyə bu peşəni seçdiyiniz haqda məlumat verin.

 

Mən Bakı Dövlət Universiteti Filologiya fakültəsinin “Rus dili və ədəbiyyatı” ixtisasını bitirmişəm. Həmişə dillərə və ünsiyyətin incəliklərinə marağım olub.  Rus dili mənim üçün sadəcə bir fənn deyil, mədəniyyətlər arasında körpü rolunu oynayan bir vasitədir.  Məhz buna görə bu peşəni seçdim - insanlara yeni dil vasitəsilə özlərini ifadə etməyi və dünyaya daha geniş baxmağı öyrətmək mənim üçün böyük zövqdür.

 

Tələbələrin rus dilində danışmaqdan qorxmalarının əsas psixoloji səbəbləri nələrdir  və bu “dil bariyerini” aşmaq üçün hansı texnikaları tətbiq edirsiniz?

 

Əsas səbəb səhv etmək qorxusudur. Bir çox tələbə düşünür ki, səhv danışmaq onların biliyinin az olduğunu göstərəcək.  Mən ilk dərslərdən etibarən bu düşüncəni dəyişməyə çalışıram. Praktikada “Səhv öyrənmənin başlanğıcıdır” prinsipindən istifadə edirəm.  Dərslərdə “təhlükəsiz mühit” yaradıram, yəni hər fikir dəyərlidir. “Rol oyunu”, “dil cütləri”, “sürətli dialoqlar” kimi texnikalarla tələbəni azad danışmağa təşviq edirəm.  Əsas məqsəd fikir axınını dayandırmadan ünsiyyət bacarığını formalaşdırmaqdır.

 

“Hər kəs danışa bilər” fikrini əsas tutaraq, müxtəlif öyrənmə tiplərinə (vizual, audial, kinestetik) və yaş qruplarına uyğun fərqli peşəkar yanaşmalarınız nələrdir?  Bütün tələbələrə şamil etdiyiniz təməl metodunuz hansıdır?

 

Vizual öyrənənlər üçün təqdimatlar, şəkillər, qrafiklərdən, audial öyrənənlər üçün audio materiallar, ritmik təkrarlardan, kinestetik öyrənənlər üçün isə interaktiv hərəkətli tapşırıqlardan istifadə edirəm. Yeniyetmələr üçün dərsləri daha oyunvari və dinamik edirəm,  Böyüklər üçün isə həyat təcrübələrinə əsaslanan praktik situasiyalar yaradıram.  Bütün tələbələr üçün ortaq prinsipim budur: “dil öyrənmək əzbər deyil, yaşamaq prosesidir” - yəni dərs zamanı dil real şəraitdə istifadə olunmalıdır.

 

Rus dilinin mürəkkəb qrammatikası tez-tez tələbələri ruhdan salır. Siz dərs prosesində qrammatikanın dərinliyi ilə praktik ünsiyyət bacarıqları arasında optimal balansı necə təmin edirsiniz?

 

Qrammatikanı ayrı bir məqsəd kimi deyil, ünsiyyət aləti kimi təqdim edirəm. Yəni tələbə qaydanı öyrənmir, onu danışıqda necə tətbiq etməyi öyrənir.  Məsələn, hər bir yeni qrammatik mövzu dərhal dialoqlarda, situasiya tapşırıqlarında işlədilir. “Dildə hiss et, qaydanı sonra adlandır” prinsipinə üstünlük verirəm.  Beləliklə, tələbə qrammatikanı öyrənmədən “dil içində öyrənmiş” olur.

 

Səhvlər dil öyrənməyin ayrılmaz hissəsidir. Sizin tədris fəlsəfənizdə səhvlərə münasibət necədir?

 

Mənim üçün səhv inkişafın siqnalıdır. Tələbə səhv etmirsə, deməli, o öz rahat zonasını tərk etmir.  Səhvləri cəza yox, öyrənmə fürsəti kimi dəyərləndirirəm. Mühit elə qurulur ki, tələbə “səhv etməyə icazə var” prinsipi ilə öyrənsin.  Qrup daxilində qarşılıqlı hörmət və yumor elementləri vasitəsilə tələbə özünü rahat hiss edir, bu da danışıq bacarığını daha tez inkişaf etdirir.

 

 

Dil öyrənmə uzun prosesdir və motivasiya bəzən azalır. Tələbələrin motivasiyasını yüksək saxlamaq üçün hansı pedaqoji strategiyalardan istifadə edirsiniz?

 

Motivasiyanın əsas açarı nəticəni görməkdir. Buna görə dərs prosesində “kiçik qələbələr” sistemindən istifadə edirəm: hər yeni söz, düzgün cümlə, uğurlu dialoq -  bu, tələbə üçün motivasiya mənbəyidir. Həmçinin, real həyatdan seçilmiş video və situasiyalar tələbəyə dilin faydasını göstərir.  Dərslərdə “nə üçün öyrənirəm?” sualına cavab axtarırıq - bu, daxili motivasiyanı canlı saxlayır.

 

Aktiv və passiv söz ehtiyatını inkişaf etdirmək üçün ən effektiv metod hansıdır?

 

Passiv bilik aktiv istifadə ilə güclənir. Mən tələbələrimə “söz kartları” ilə yanaşı, “şəxsi kontekst” üsulunu təklif edirəm: hər yeni sözü öz həyatından bir cümlədə işlətmək.  “5 cümlə  - 1 söz” qaydası çox effektlidir: bir söz öyrənilirsə, onunla beş fərqli fikir yaradılır.  Yaddaş üçün isə “Spaced Repetition” (müntəzəm təkrarlama) və “Storytelling” (hekayə qurma) texnikalarından istifadə edirəm.

 

Süni intellektin dil öyrənməyə təsiri artır. Sizcə, yaxın 5-10 ildə rus dili müəlliminin rolu necə dəyişəcək?

 

Süni intellekt texnoloji dəstək rolunu gücləndirəcək, lakin müəllim empatiya, motivasiya və canlı ünsiyyətin daşıyıcısı olaraq qalacaq.  Gələcək müəllimlər texnoloji alətlərlə işləmə bacarığını, fərdiləşdirilmiş tədris planı qurma və psixoloji dəstək göstərmə qabiliyyətini inkişaf etdirməlidirlər.  Yəni müəllim artıq sadəcə bilik ötürən deyil, öyrənmə prosesinin bələdçisi və ruhlandırıcısı olacaq. 

 

Fatimə İbrahimova

#baki #xəlilova #əzbərləmək #lüğət #deyil”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər