00:00:00
Yazar
Ayan Sədi
06.05.2026 14:56 45 2 dəq oxuma
Müsahibə

"Musiqi mənim varlığımdır" - gənc istedad Emil Lətifi

"Musiqi mənim varlığımdır" - gənc istedad Emil Lətifi

Şəmkir rayonunun musiqi mühitində özünəməxsus dəst-xətti ilə seçilən, gənc yaşına rəğmən böyük uğurlara imza atan Emil Lətifi ilə görüşümüz sənətin sehrli dünyasına bir pəncərə açır. 16 yaşlı Emil həm orta məktəb təhsilini davam etdirir, həm də musiqi məktəbindəki təhsilini uğurla başa vuraraq peşəkar musiqiçi kimi formalaşmağa başlayıb. Onun ifasında fortepianonun dilləri sanki canlanır, hər bir nota ruh üfürür.

 

Onun bu uğur yolunun təməli ailə mühitində, sənətə olan böyük hörmətlə qoyulub. Babası Habil bəyin ifaları balaca Emilin qəlbində musiqi eşqini alovlandırıb. Bu gün masasının üzərini bəzəyən çoxsaylı fəxri fərmanlar, diplomlar və mükafatlar bu illər ərzində çəkilən zəhmətin ən parlaq göstəricisidir.

Reportajımızın bu hissəsində gənc istedadın öz düşüncələrini öyrənmək üçün ona bir neçə sual ünvanladıq:

 

Emil bəy, musiqi sizin üçün sadəcə bir məşğuliyyətdir, yoxsa daha dərin bir məna kəsb edir?

 

Musiqi mənim üçün bəzən sevinci, bəzən kədəri, bəzən notlar arasındakı səssizliyi, bəzənsə nə üçün var olduğumu ifadə edir. Onu 1001 çalarlı rənglərlə bəzədilmiş bir xalıya bənzədirəm. Hər bir not bir sehr, bir dəryadır və duyğularımın ən gözəl ifadəçisidir.

 

Fortepiano ifaçılığınız göz önündədir, bəs başqa hansı alətlər sizin yaradıcılıq palitranızı tamamlayır?

 

Fortepianonun yeri mənim üçün özünəməxsus olsa da, mən həmçinin qoşanağara, qarmon və tütəkdə də ifa edə bilirəm. Hətta bir maraqlı hobbim də var ki, bu da nəlbəki ilə musiqi ifa etməkdir. Bu bacarığım insanlar tərəfindən çox qeyri-adi və əsrarəngiz qarşılanır.

 

Sizin üçün ən unudulmaz və dəyərli mükafatınız hansı olub?

 

Mənim üçün ən dəyərlisi "Könlüm keçir Qarabağdan" festivalında qazandığım birincilikdir. 2022-ci ildə Şəmkir, Gəncə və Bakı şəhərlərində keçirilən üç turda da birinci yerə layiq görüldüm. Bu uğur sayəsində Şuşaya gedən ilk şagird oldum və orada Təhsil Naziri Emin Əmrullayevlə görüşdüm.

 

Emil Lətifi təkcə ifaçı deyil, həm də gələcəyin bəstəkarı olmağa namizəddir. O, hazırda uzun müddətdir üzərində çalışdığı şəxsi bəstəsini tamamlamağa hazırlaşır. Onun sənətə olan bu ciddi yanaşması, ailə ənənələrinə sadiqliyi və dövlətimizin dəstəklədiyi istedadı gələcəkdə Azərbaycan musiqisini daha böyük arenalarda təmsil edəcəyinə zəmin yaradır.

 

Şəmkirin gənc istedadı ilə olan bu səmimi söhbət göstərir ki, əsl istedad zəhmət və düzgün dəstəklə birləşdikdə, Şuşa zirvələrinə qədər ucalan bir yol açılır.

 

Musayeva Səkinə

#"musiqi #mənim #baki #istedad
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər