Dənizlidəki meşə yanğınlarına müdaxilə davam edir
Meşə Təsərrüfatı Baş Müdiri Bəkir Qaracabəy bildirib ki, həm Dənizlidə baş verən meşə yanğınının qərb və şərq istiqamətlərində irəliləməsinin qarşısı alınıb, həm də Bartındakı yanğın böyük ölçüdə nəzarət altına alınıb, Qarabükdəki yanğın isə gücünü itirib.
Qaracabəy Dənizlinin Buldan rayonunda 4 gündür davam edən meşə yanğını ilə bağlı işləri izlədiyini də qeyd edib.
Havadan apardığı müşahidələrdən sonra jurnalistlərə açıqlama verən Qaracabəy, temperaturun 37 dərəcə, rütubətin isə 20 faiz olmasının yanğını nəzarət altına almağı çətinləşdirdiyini bildirib.
Küləyin tez-tez istiqamət dəyişməsinin ərazidə çalışan qüvvələr üçün maneə yaratdığını deyən Qaracabəy əlavə edib:
“Əfsuslar olsun ki, yanğının yayıldığı ərazi olduqca sərt, qayalıq və enişli-yoxuşludur. Belə yerdə yol açmaq, texnikaları və arazözləri ora yönləndirmək vaxt aparır. Buna görə də çətin ərazi şərtlərinə baxmayaraq işlərimiz davam edir”.
“Küləyin bir qədər də güclənəcəyi proqnozlaşdırılır”.
Qaracabəy bildirib ki, havadan və qurudan aparılan intensiv işlərdə 151 arazöz, 12 iş texnikası, 85 ilkin müdaxilə maşını olmaqla ümumilikdə 566 texnika və 2 min 120 nəfərlik personal iştirak edir.
Buldan rayonundakı yanğının son vəziyyəti ilə bağlı o deyib:
“Yanğının xüsusilə qərb hissəsində irəliləyişini dayandırdıq, şərq hissəsində də böyük ölçüdə qarşısını aldıq. Hazırda əsasən cənub və şimal xətlərində cəmləşmişik. Küləyin istiqamət dəyişməsi səbəbindən yanğın zaman-zaman başqa sahələrdə də irəliləməyə çalışır. Hava vasitələrimiz səhər tezdən işə başlayıb, gecə isə quru texnikaları işlədirik ki, yanğının tamamilə nəzarətə alınmasına nail olaq. Meteoroloji məlumatlara görə, yaxın saatlarda küləyin bir qədər də güclənəcəyi gözlənilir. Bu isə tamamilə hava şəraitindən asılıdır. Biz yanğını tez bir zamanda nəzarət altına almaq üçün bütün gücümüzlə çalışırıq”.
“Ümumilikdə 5 min 788 yanğınla mübarizə aparmışıq”.
Bartın və Qarabükdəki yanğınlarla da mübarizənin davam etdiyini bildirən Qaracabəy əlavə edib:
“Bartındakı yanğın böyük ölçüdə nəzarət altına alınıb. Karabükdəki yanğın da zəiflədilib. Onu da tamamilə nəzarətə almaq üçün intensiv işlər davam edir”.
O həmçinin vurğulayıb ki, bütün dünyada olduğu kimi, bu il Türkiyədə də meşə yanğınlarının sayı və əhatə etdiyi sahə uzun illərin ortalamasından daha yüksək olub:
“Bu günə qədər Baş İdarə olaraq 2 min 476 meşə yanğını və 3 min 312 qeyri-meşə yanğını olmaqla ümumilikdə 5 min 788 yanğınla mübarizə aparmışıq və onları nəzarət altına almışıq”.
Qaracabəy sonda əlavə edib ki, meteoroloji şərtlər yanğınların tez başlaması və sürətlə yayılması üçün olduqca əlverişsizdir və hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.
TRT XƏBƏR
Nəzrin Nəsirova