Donald Tramp Avropadan Rusiya neftinin alışını dayandırmağı tələb edir
ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə telefon danışıqları zamanı bəyan edib ki, Avropa Rusiya neftinin alışını dayandırmalıdır.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov "İnformator.az" a açıqlamasında bildirib ki, ABŞ-nin məqsədi Rusiyanı iqtisadi cəhətdən zəiflətməkdir:
"ABŞ-nin bunu tələb etməkdə məqsədi, təbii ki, Rusiyanın gəlirlərini azaltmaqdır. Avropanın neft alışı Rusiyaya xeyli diqqət qazandırır və eyni zamanda Rusiyanın sanksiyalardan yayınmasına kömək edir. ABŞ Avropanın Rusiyadan asılılığına son qoymaq istəyir. Etiraf etmək lazımdır ki, bu gün enerji baxımından Avropa Rusiyadan asılı vəziyyətdədir. Avropa dövlətləri ABŞ-nin təklifini qəbul etsələr, başqa vəziyyət meydana çıxacaq. Çünki Azərbaycanın rolu daha çox öndə olacaq. Avropa Rusiyadan neft alışını dayandırsa, Azərbaycana tələbat çoxalacaq. Azərbaycan onsuz Avropaya qaz verir, amma rolu daha da artacaq. Burda daha çox ciddi səviyyədə enerji qəbulundan söhbət gedir. Düşünmürəm ki, Avropa bu mövzu ilə razı olar. Xüsusilə nəzərə alsaq ki, ABŞ-dən fərqli olaraq Avropa müharibənin dayanmasında yox, davam etməsində maraqlıdır. Bunu nəzərə alsaq, Avropa ümumi olaraq Rusiyadan qaz alışını dayandırmaq istəməz. Avropa anlayır ki, qaz ixracını Rusiyadan dayandırsa, Rusiyanın iqtisadi cəhətdən xeyli çöküş yaşamağına səbəb ola bilər, bu vəziyyət müharibəni dayandırmaq istəyən ABŞ-yə maraqlı ola bilər, amma müharibəni davam etdirmək istəyən Avropaya sərf etməz".
Arzu Poladova