00:00:00
Yazar
Admin User
26.08.2025 11:08 123 3 dəq oxuma
Siyasət

Donald Tramp Cənubi Koreyadakı hərbi baza ilə bağlı yeni təklif irəli sürüb

Donald Tramp Cənubi Koreyadakı hərbi baza ilə bağlı yeni təklif irəli sürüb

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada yerləşən və hazırda icarədə olan böyük hərbi bazanın mülkiyyət hüququnun Vaşinqtona verilməsi məsələsini gündəmə gətirib. O bildirib ki, ABŞ bu bazanın icarəsindən azad olmaq və tam sahiblik hüququ qazanmaq istəyir. Tramp həmçinin Cənubi Koreyada yerləşən 40 mindən çox ABŞ hərbçisinin sayının azaldılması məsələsinə toxunmayaraq münasibətlərin dostluq əsasında davam etdiyini vurğulayıb.


Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Cənubi Koreya arasında gərginlik gözlənilmir:


“Öncəliklə onu qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlar Prezidenti Donald Trampın ümumiyyətlə ikinci hakimiyyəti dövrü Amerikanın qlobal güc imicinin daha çox siyasi diplomatiya sahəsində genişləndirilməsi, bunun dövlətlərə qəbul etdirilməsi paralelində, hərbi mövcudiyyətini isə tədricən azaltmasıdır. Tramp hakimiyyətə gələrkən ilk verdiyi vədi Amerika vətəndaşlarının rifah səviyyəsini artırmaq idi. Amerikada ən çox xərci hərbi xərclərə sərf edir və bu xərclərin bir çoxu Amerikanın özündən çox başqa ölkələrin müdafiəsinə yönəlib. Məsələn, Tramp birinci hakimiyyəti dönəmində Əfqanıstandan çıxma prosesi, Suriyadakı kontingentin azaldılması ilə buna başlayıb. İkinci hakimiyyəti dövründə isə bunu daha da irəli aparıb. Yaxın Şərqdəki hərbi varlığını minimuma endirib, əvəzində regional partnyorlarla – İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə ilə münasibətləri inkişaf etdirib. Paralel olaraq bu sistem Sakit okean hövzəsində, Avropa İttifaqında da davam edir. Tramp sonuncu görüşdə Vaşinqtonda Avropa liderlərinə bildirib ki, hərbi xərcləri artırmaq lazımdır. Amerika Avropanı qorumaq məcburiyyətində deyil. Bu o demək deyil ki, ABŞ təsirindən çıxacaq, amma hərbi xərcləri azaltdı və bu da özünü daha çox reaksiyalarda göstərib”.


Ekspert qeyd edib ki, Cənubi Koreyada vəziyyət fərqlidir:


“Amerika Birləşmiş Ştatları buradakı hərbi varlığını Avropada və ya Yaxın Şərqdəki kimi tam azalda bilməz. Çünki Amerikanın real rəqibi Çin bu regionda yerləşir. Çinin yaxınlığında hərbi kontingentin saxlanması, hərbi bazanın qorunması Tramp üçün mühümdür. Burada problem gözləmirəm. Çünki Cənubi Koreyanın da Amerikaya ehtiyacı var. Xüsusilə də Şimali Koreya faktoruna görə. Düzdür, Cənubi Koreyaya dəstək verən Yaponiya var, amma Yaponiya təkbaşına Cənubi Koreyanı qoruya bilməz. Çin, Şimali Koreya və Rusiya qarşısında tab gətirmək çətin görünür. Ona görə də bu məsələdə Cənubi Koreya ilə ABŞ arasında danışıqlar olacaq və gərginlik yaşanmayacaq”.


Turan Rzayev beynəlxalq hüquq baxımından da məsələyə toxunub:


“Beynəlxalq hüquqda bunun örnəkləri var. Düzdür, konkret hərbi müstəvidə olmasa da, bu tipli hallar mümkündür. Hərbi bazaların mövcudluğu dövlətlərin, xüsusilə qlobal güclərin xarici siyasətdəki başlıca prioritetləridir. Cənubi Koreya tərəfi də hər halda Amerikanı başa düşəcək. Çünki Şimali Koreya təhdidi indi də aktualdır. Çin faktoru var ki, bu da Şimali Koreyanın ayaqda qalmasının təminatçısıdır. Belə bir vaxtda, Cənubi Koreya istəməsə belə, məcburdur ABŞ-lə əməkdaşlığı davam etdirsin. Çünki bu təhdidlərdən müdafiə olunacaq yeganə qalxan Amerikadır”.


Ekspertin sözlərinə görə, ABŞ hərbçilərinin Cənubi Koreyadan çıxarılması real görünmür:


“Belə bir şeyin baş verəcəyini düşünmürəm. Çünki burada ehtiyacdan doğan zərurət var. ABŞ olmasa, Cənubi Koreya üçün vəziyyət çətin olar və Şimali Koreya daha cəsarətli addımlar ata bilər. Ona görə də bu məsələ Vaşinqton və Seul arasında razılıqla tənzimlənəcək. Cənubi Koreya məsələdən məmnun qalacaq, nəinki gərginlik yaşanacaq”.


Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər