Donald Tramp Ermənistan və Azərbaycanı barışdırdığını elan edib
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişəyə son qoyulub və tərəflər Vaşinqtonda sülh razılaşmasına imza atıblar.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, ABŞ-ın vasitəçiliyinin uğuru bir şərtlə mümkündür – Amerikanın bu istiqamətdə nə dərəcədə ardıcıl və prinsipial mövqe nümayiş etdirməsindən:
“ABŞ bu prosesdə tək deyil, çünki Ermənistan-Azərbaycan münasibətlərində vasitəçilik iddiası ilə başqa dövlətlər də çıxış edir. Amerika özünün vasitəçilik səylərini çox böyük siyasi rəqabət şəraitində həyata keçirir. Çünki başqa ölkələr də Azərbaycan və Ermənistan münasibətlərində vasitəçi olmağa çalışır. Təbii ki, həmin dövlətlər bir-birilə rəqabət aparır, vasitəçi statusunu əldə etmək üçün çalışırlar. Bu mənada Amerika ardıcıl olmalı və maneçilik törədən tərəfləri – o cümlədən Rusiyanı – sıradan çıxarmağı bacarmalıdır. Donald Tramp təkcə Azərbaycan və Ermənistan arasında deyil, digər bölgələrdə də müxtəlif qarşıdurmaların həllinə iddialı çıxışlar edir. Prezident İlham Əliyevin Trampa verdiyi cavab isə həm diplomatik nəzakət jesti, həm də ABŞ-ın vasitəçilik səylərinə təşəkkür nişanəsi kimi qiymətləndirilə bilər. Əgər Trampın müdaxiləsi olmasaydı, rəsmi sənədin paraflanması bu qədər tez baş tutmazdı. İlham Əliyevin Trampa sözlərində həm minnətdarlıq, həm də sülh prosesinə dəstək mesajı var”.
Fatimə Hüseynli
