DONALD TRAMP YENİDƏN PREZİDENT OLA BİLƏR
BŞ-ın sabiq prezidenti Donald Trampın növbəti dəfə məhkəmə qarşısına çıxacağı tarix müəyyənləşib. Federal Məhkəmənin verdiyi qərarla sabiq prezident 2024-cü ilin martın 4-də mühakimə ediləcək. Davam edən məhkəmənin Birləşmiş Ştatların daxili siyasətinə, o cümlədən növbəti prezident seçkilərinə ciddi təsirləri olacağı gözlənilir.
Corciya ştatında seçkilərə müdaxilə etməkdə təqsirləndirilən BŞ-ın sabiq prezidenti Donald Trampın məhkəmə prosesi gələn ilə qədər uzadılıb. Lakin prosesin növbəti prezident seçkilərinə qədər yekunlaşacağı gözlənilir. Belə ki, hakim Tanya Çutkan məsələnin tez və effektiv şəkildə həll etmək niyyətində olduğunu bildirib. Eyni zamanda, hakim Tramp tərəfdarlarının prosesi seçkilərə qədər ertələmə tələbini rədd edib. Növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək olan sabiq prezidentin taleyi bu məhkəmə qərarından asılı görünür. Respublika partiyasının təmsilçisi isə artıq prezident seçkilərinə hazırlıqla yeni kampaniyalara start verib. O, qısamüddətli həbsdən sonra təxminən 7,1 milyon dollar ianə toplayıb. Bu, Trampın seçki qərargahı üçün 24 saat ərzində toplanan ən yüksək məbləğdir. Siyasi şərhçi Mətin Məmmədli deyir ki, məhkəmə qərarı eks-prezidentin lehinə olacağı halda, onun yenidən Ağ evin rəhbəri kimi fəaliyyətə başlaması ehtimalını yüksəkdir. “Donald Tramp ətrafında hüquqi çəkişmələr artdıqca, ona qarşı yönələn ittihamların sayı artdıqca Trampın Respublikaçı elektrat daxilində nüfuzu da yüksəlib. Bu gün son rəy sorğularına baxdıqda görürük ki, Trampla onun digər Respublikaçı rəqibləri arasında çox böyük səs fərqi var. Bu da qeyd etdiyimiz kimi Respublikaçıların Tramp ətrafında daha da təmərküzləşməsinə gətirib çıxarıb”.
Trampın prezident seçkilərindəki namizədliyini Respublikaçılar siyasi risk kimi də şərh edir. Çünki o, Birləşmiş Ştatlarda cinayət işi açıqlan ilk sabiq prezidentdir. Ona qarşı səslənən ittihamların kifayət qədər ciddi və sayca çox olması partiyanın reputasiyasına zərbə kimi də qiymətləndirilir. Bununla yanaşı prezident seçkilərində Trampın kifayət qədər güclü rəqibləri var. Bu namizədlərdən ilki hazırkı Amerika lideri Cozef Baydendir. Siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Demokratların ehtiyatda saxladığı digər önəmli namizəd isə keçmiş dövlət başçısı Con Kennedinin qardaşı oğlu Robert Kennedidir. Qarşı cəbhədə güclü namizədlərin varlığı partiyasının Trampa olan etibarını azaldıb. Belə ki, Respublikaçıların Trampa dəstəyi ilk dəfə 50%-ə düşüb. Xatırladaq ki, 2022-ci ilin aprelində bu göstərici 60% olub. “Belə görünür ki, Amerikanın indiki idarəçilərini öz rəqiblərini seçkiyə buraxmamaqla bir növ dırnaq arasında da olsa, cəzalandırmaq istəyəcəklər. İndiki vəziyyətdə biz onun həbs olunmsını, məhkəmə ilə seçkilərə iştirakına moratorium qoyulmasını proqnozlaşdıra bilmərik. Çünki Amerika qanunvericiliyində faktiki olaraq Tramp və bu kimi şəxslərin seçkidə işriakı ilə bağlı hər hansı bir hərəkətlərdə ittiham olunaraq qadağan olunmasına dair göstəriş yoxdur.
Görünür, Bayden administrasiyasının ilk hədəfi Trampı məhkəmə yolu ilə namizədlikdən uzaqlaşdırmaq və seçkilərdə üstünlüyü əldə etməkdir. Haqqında olan bütün ittihamları rədd edən Tramp isə "Amerikanı yenidən möhtəşəm et" sloqanına sadiq qalacağını bəyan edir.
ÇİMNAZ
