00:00:00
Yazar
Zəhra Həsənova
31.07.2026 21:56 32 2 dəq oxuma
Sosial

Dual peşə təhsili modelinin əhatə dairəsi genişlənəcək

Dual peşə təhsili modelinin əhatə dairəsi genişlənəcək

Azərbaycanda dual peşə təhsili modelinin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Məqsəd əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığını gücləndirmək, tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlarını inkişaf etdirmək və onların məşğulluq imkanlarını artırmaqdır. Mütəxəssislər hesab edirlər ki, bu modelin geniş tətbiqi təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın güclənməsinə və peşə təhsilinin cəlbediciliyinin artmasına töhfə verə bilər.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, son illərdə Azərbaycanda peşə təhsili mərkəzlərinə böyük həcmdə investisiyalar yatırılıb, onların maddi-texniki bazası gücləndirilib, yeni ixtisaslar yaradılıb, dərsliklər və tədris vəsaitləri yenilənib:

 

“Bununla yanaşı, tədrislə bağlı qaydalar da təkmilləşdirilir və dual peşə təhsili modelinin yeni istiqamətləri təklif olunur. Məsələn, hazırda otelçilik sahəsində, eyni zamanda sənaye sektorunda, elektrik, çilingərlik, eləcə də günəş panellərinin quraşdırılması kimi peşələrdə bu modeldən daha geniş istifadə oluna bilər. Məsələn, dual peşə təhsili modelində tələbə həftənin beş gününün üç gününü peşə təhsili müəssisəsində, iki gününü isə istehsalat müəssisəsində və ya iş yerində keçirir. Gələcəkdə bu modelə cəlb olunanların əksəriyyəti təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunurlar. Bu baxımdan onların əmək bazarına inteqrasiyasında ciddi problem yaşanmır. Bu model məşğulluq probleminin həllinə müəyyən dərəcədə dəstək verir. Digər tərəfdən, şirkətlər, təşkilatlar, fabrik və zavodlar da dual peşə təhsilinə maraq göstərirlər. Çünki onlar gələcəkdə ehtiyac duyacaqları bacarıqlı və peşəkar kadrları əvvəlcədən seçmək imkanı əldə edirlər”.

 

Məzahir Məmmədli hesab edir ki, yaxın gələcəkdə dual peşə təhsili modeli Azərbaycanın həm regionlarında, həm də paytaxtda fəaliyyət göstərən digər peşə təhsili mərkəzlərində də geniş tətbiq olunacaq:

 

“Mən düşünürəm ki, yaxın vaxtlarda bu model ölkədə fəaliyyət göstərən digər peşə təhsili mərkəzlərində də tətbiq ediləcək. Bu isə həm tələbələr, həm də müəssisələr üçün daha geniş əməkdaşlıq imkanları yaradacaq”.

Fatimə Hüseynli

#xəbər #yeni #gündəm #dairəsi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər