EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatını proqnozlaşdırıb
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-ci il üçün orta gündəlik neft hasilatını 540 min barel səviyyəsində proqnozlaşdırır. Gələn ilin birinci rübündə hasilat 550 min, ikinci rübdə 540 min, üçüncü və dördüncü rüblərdə isə 530 min barel gündəlik olacağı gözlənilir. Proqnoz əvvəlki mart ayı açıqlaması ilə eynidir.
Mövzu ilə bağlı iqtisadçı, Milli Məclisin deputatı Vüqar Bayramov "İnformator.az"a açıqlamasında bildirib ki, 2027-ci ildə Azərbaycanın gündəlik neft ixracatında ciddi dəyişiklərin olacağı gözlənilmir:
"Rəqəmlər də göstərir ki, praktik olaraq neft ixracatındakı əvvəlki orta göstərici qorunub saxlanılacaq. Burada sadəcə kiçik dəyişiklərdən söhbət gedir və bu, Azərbaycan üçün proqnozlaşdırılan enerji strategiyasına və imkanlarına uyğundur. Sözsüz ki, burada neftin dünya bazarı qiyməti həlledici olacaq, çünki neftin həcmi ilə yanaşı, bazar qiyməti ölkəyə daxil olan valyutanın məbləğini müəyyənləşdirir. Əgər dünya bazarında qiymətlər yüksək olarsa və neft bazarında stabillik müşahidə olunarsa, bu, ölkəyə daha çox valyutanın daxil olmasına gətirib çıxaracaq. Məqsəd həm ixracatın, həm də hasilatın stabilliyinə nail olmaqdır. Əsas hədəf neft sektorundakı azalmanın qarşısını almaq və stabil hasilat-ixracat zəncirini təmin etməkdir. Neftin dünya bazarı qiyməti praktik olaraq gəlirlərin stabilliyinə və ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir. Proqnozlar ölkənin mövcud enerji strategiyası və ixrac həcmi hədəfləri ilə tam üst-üstə düşür. Bütün bu addımların əsas səbəbi hasilatın stabilliyini qorumaq və dünya bazarındakı qiymət tarazlığına uyğun olaraq ölkəyə daxil olan valyuta axınını təmin etməkdir".
Mələk Hüseynova