Ekspert xəbərdarlıq etdi: Tanışınızın səsinə belə dərhal inanmayın
Süni intellekt texnologiyalarının sürətli inkişafı internet istifadəçiləri üçün yeni imkanlarla yanaşı, daha mürəkkəb kibertəhlükələr də yaradır. Son dövrlərdə insan səsinin və görüntüsünün süni intellekt vasitəsilə imitasiya edilməsi dələduzluq məqsədilə istifadə oluna biləcək ciddi risklərdən biri kimi qiymətləndirilir.
İT üzrə ekspert Sadıq Abdullayev bildirib ki, əvvəllər saxta telefon zəngini və ya montaj edilmiş görüntünü müəyyən etmək nisbətən asan idisə, generativ süni intellekt sistemlərinin inkişafı bu sərhədi xeyli zəiflədib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə açıq şəkildə yayımlanan video və səs materialları müəyyən hallarda şəxsin danışıq tərzini və səsini imitasiya edən sistemlər üçün ilkin material rolunu oynaya bilər.
“İnsanlar artıq yalnız naməlum nömrələrdən gələn zənglərə deyil, tanıdıqları şəxsin səsi ilə edilən müraciətlərə də ehtiyatla yanaşmalıdırlar. Qarşı tərəfin səsinin valideyninizə, övladınıza, rəhbərinizə və ya yaxın dostunuza bənzəməsi həmin şəxslə danışdığınızın tam təminatı deyil”, – deyə ekspert bildirib.
Sadıq Abdullayev qeyd edib ki, risk xüsusilə təcili pul köçürülməsi tələb edilən hallarda artır. Dələduzlar potensial qurbanda düşünməyə vaxt qoymamaq üçün qəza, xəstəxana, borc, polis problemi və ya təcili ödəniş kimi emosional situasiyalardan istifadə edə bilərlər.
Ekspertin fikrincə, belə hücumlarda əsas təhlükə texnologiyanın özündən çox insanın etibar mexanizminin manipulyasiya edilməsidir:
“Kibertəhlükəsizlik artıq yalnız şifrə və antivirus məsələsi deyil. Hücum edən tərəf kompüteri deyil, insanı aldadırsa, ən güclü təhlükəsizlik sistemi belə kifayət etməyə bilər. Buna sosial mühəndislik deyilir və süni intellekt bu üsulları daha inandırıcı hala gətirir.”
O bildirib ki, şübhəli vəziyyət yaranarsa, vətəndaşlar həmin zəngi sonlandırmalı və yaxınları ilə əvvəldən məlum olan başqa telefon nömrəsi və ya əlaqə vasitəsi üzərindən yenidən əlaqə saxlamalıdırlar. Qarşı tərəfin verdiyi yeni nömrəyə zəng etmək və ya göndərdiyi linkə daxil olmaq isə düzgün yanaşma deyil.
Sadıq Abdullayev ailələr və şirkətlər üçün əlavə təhlükəsizlik üsulu kimi əvvəlcədən müəyyən edilmiş təsdiqləmə qaydasından istifadə etməyi də məqsədəuyğun hesab edir.
“Məsələn, ailə üzvləri arasında yalnız onların bildiyi sadə bir yoxlama sualı və ya kod sözü müəyyən edilə bilər. Şirkətlərdə isə maliyyə əməliyyatlarının yalnız telefon və ya messencer mesajı əsasında həyata keçirilməməsi, ikinci təsdiqləmə mərhələsinin tətbiqi vacibdir.”
Ekspert həmçinin sosial şəbəkələrdə şəxsi məlumatların həddindən artıq açıq paylaşılmasının risk yaratdığını vurğulayıb. Onun sözlərinə görə, şəxsin işlədiyi yer, ailə üzvləri, səfərləri, gündəlik fəaliyyəti və əlaqələri barədə açıq məlumatlar dələduzlara daha inandırıcı ssenari qurmaq imkanı verə bilər.
“İstifadəçinin özü haqqında internetdə nə qədər çox məlumat varsa, ona qarşı fərdiləşdirilmiş hücum hazırlamaq bir o qədər asanlaşır. Buna görə rəqəmsal təhlükəsizliyin vacib hissələrindən biri də hansı məlumatı ictimai paylaşdığımızı nəzarətdə saxlamaqdır.”
Sadıq Abdullayev əlavə edib ki, yaxın gələcəkdə rəqəmsal mühitdə əsas bacarıqlardan biri yalnız saxta linkləri müəyyən etmək deyil, gördüyümüz və eşitdiyimiz məlumatın həqiqiliyini ayrıca təsdiqləməyi vərdişə çevirmək olacaq.
Ekspert istifadəçilərə xüsusilə pul köçürülməsi, bank məlumatlarının təqdim edilməsi, şifrə və təsdiqləmə kodlarının göndərilməsi tələb olunan situasiyalarda tələsməməyi və məlumatı ikinci əlaqə kanalı vasitəsilə yoxlamağı tövsiyə edib.