Enerji Forumu keçirilib
Türkiyə Külək Enerjisi Konqresi (TÜREK 2025) çərçivəsində İzmirdə IV Türkiyə–Azərbaycan Enerji Forumu keçirilib.
"Anadolu" agentliyinə istinadən verilən xəbərə görə, IV Türkiyə–Azərbaycan Enerji Forumu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçirilib. Açılış mərasimində çıxış edən nazir Pərviz Şahbazov vurğulayıb ki, iki ölkə arasında enerji əməkdaşlığı regional və qlobal enerji təhlükəsizliyində mühüm rol oynayıb. P. Şahbazov Enerji Forumunun əməkdaşlıq gündəliyinə karbohidrogenlər və mədənçilikdən tutmuş bərpa olunan enerji və enerji tənzimlənməsinə qədər altı əsas əməkdaşlıq sahəsinin daxil edilməsinin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, hadisəni müsbət qiymətləndirmək lazımdır:
"Dünyada az ölkə enerji resurslarına malikdir. Onlardan biri də Azərbaycandır. Türkiyə isə Azərbaycan enerjisinə tələbkardır. Məsələn, İran daha çox enerji sahibidir, amma əlindəkilərlə heç nə edə bilmir. Çünki bazarları məhduddur. Əsas məsələ bazarların olmasıdır. Mərkəzi Asiya Azərbaycan üzərindən “Trans yol” ilə öz enerjilərini bazarlara çıxara biləcəklər. Təbii ki, bundan Azərbaycan da, Türkiyə də gəlir əldə edəcək. Avrasiya məkanında əsas enerji məkanı Rusiyadır. Ancaq ona tətbiq edilən sanksiyalar bazar məhdudiyyəti yaradıb. Xüsusilə Qərb bazarında alıcıları azalıb. Belə bir situasiyada Azərbaycan alternativ rola malik olub. Lakin reallıq odur ki, Azərbaycanın potensial enerjisi Rusiyanınkı ilə müqayisədə qat-qat azdır. Bunlar nəzərə alınmalıdır ki, gələcəkdə kiməsə möhtac olunmasın. Enerji əməkdaşlığı hər üç ölkə üçün qazanc deməkdir. Xüsusilə Ermənistan üçün bir şansdır. Məlumdur ki, onun dənizə çıxışı yoxdur, enerji ehtiyatları da yoxdur. Ona görə bu, onun üçün hazır düşmə olar. Gürcüstan isə strateji mövqeyinə görə bir addım öndədir. Həm dənizə çıxışı, həm də nəqliyyatlara sahib olan ölkə kimi avantajlıdır".
Aygün Babayeva