00:00:00
Yazar
Zəhra Həsənova
05.05.2026 21:03 19 3 dəq oxuma
Siyasət

Ermənistan Britaniya ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb - ŞƏRH

Ermənistan Britaniya ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb - ŞƏRH

Ermənistan və Böyük Britaniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Ermənistanın Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalaması, ilk növbədə bu Güney Qafqaz ölkəsinin Rusiya asılılığından tam şəkildə qurtulmaq istəyinin növbəti göstəricisi kimi qiymətləndirilə bilər:


" Ermənistan, həqiqətən də, baş nazir Nikol Paşinyan rəhbərliyi altında sovet və rus təsirindən birdəfəlik uzaqlaşmağa çalışır. Bu proses açıq və sərt şəkildə deyil, daha çox tədricən və sakit formada həyata keçirilir. Ermənistan artıq uzun müddətdir ki, Rusiyadan mərhələli şəkildə uzaqlaşır və tam qopmaq üçün mümkün olan addımları atır. Böyük Britaniya ilə imzalanan bu sənəd də məhz bu siyasətin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Eyni zamanda Ermənistanın Avropa Birliyi ilə inteqrasiya istiqamətində addımlar atdığı və bu məqsədə nail olmaqda qətiyyətli olduğu da müşahidə olunur. Belə bir şəraitdə Rusiyadan tam şəkildə uzaqlaşmaq onlar üçün strateji zərurət hesab olunur. Qüvvələr balansına gəldikdə isə, Ermənistanın hər hansı bir dövlətlə strateji tərəfdaşlıq sazişi imzalaması regiondakı mövcud güc nisbətini ciddi şəkildə dəyişmir. Güney Qafqazda əsas güc mərkəzi olaraq Azərbaycan qalmaqdadır və bu reallığın dəyişəcəyi ehtimalı azdır. Azərbaycanın üstünlüyü yalnız ərazi, əhali və enerji resursları ilə məhdudlaşmır. Azərbaycan həm də böyük türk dünyasının mühüm bir hissəsidir və Türk Dövlətləri Təşkilatı çərçivəsində açar rol oynayır".


Siyasi şərhçinin sözlərinə görə, bu mövqeni nə Gürcüstan, nə də Ermənistan əvəz edə bilər:

 

"Ermənistanın Qərbə yönəlməsi isə təbii olaraq həm Rusiyanın, həm də İran narazılığına səbəb olur. Bu ölkələrin artıq bir neçə dəfə bu istiqamətdə mənfi mövqe ifadə etdikləri məlumdur. Gələcəkdə bu tip tərəfdaşlıq sənədlərinin sayının artması da gözlənilir. Belə bir vəziyyətdə Rusiya və İranın Ermənistan daxilində müəyyən təxribatlara əl atmağa çalışması ehtimalı da mövcuddur. Hərçənd onların əvvəlki kimi geniş təsir imkanlarının qaldığını demək çətindir, lakin siyasi sabitliyi pozmaq üçün müəyyən cəhdlər mümkündür. Xüsusilə Rusiya, revanşist və müxalif qüvvələrə dəstək verməklə Paşinyan hökumətini zəiflətməyə çalışa bilər. Ermənistanın yaxınlaşan parlament seçkiləri fonunda bu cəhdlərin daha da intensivləşməsi mümkündür. Buna baxmayaraq, Paşinyanın ölkəsində Avropa siyasi birliyinin tədbirini keçirməsi onun mövqeyini daha da gücləndirmiş hesab olunur. Bununla yanaşı, Ermənistanın Rusiyanın və İranın təsir dairəsindən çıxmasının regionda sabitliyin təmin olunmasına müsbət təsir göstərdiyi də qeyd olunmalıdır. Keçmişdə bu ölkələrin təsiri altında olan Ermənistanın Azərbaycanla münasibətlərində tez-tez gərginlik yaşanır, atəşkəs pozulur və müharibə riski artırdı. Xüsusilə, İkinci Qarabağ müharibəsi öncəsi dövr buna nümunədir.Hazırkı mərhələdə isə Ermənistanın həm Rusiyadan, həm də İrandan daha müstəqil siyasət yürütməsi nəticəsində regionda nisbətən sabit vəziyyət müşahidə olunur. Bu da onu göstərir ki, xarici təsirlərin azalması Cənubi Qafqazda sülh və təhlükəsizliyə müsbət təsir göstərir".

 

Selcan Xudiyeva

#bəyannamə #xəbər #gündəm #tərəfdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər