00:00:00
Yazar
Aysel Mirzəyeva
02.04.2026 19:58 39 2 dəq oxuma
Siyasət

“Ermənistan Rusiyadan uzaqlaşır” - ŞƏRH

“Ermənistan Rusiyadan uzaqlaşır” - ŞƏRH

Ermənistan və Rusiya arasındakı münasibətlər Avropa İttifaqına görə heç vaxt şübhə altında olmayıb və olmayacaq.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanın Qərblə yaxınlaşması əlbəttə ki, Rusiyanın orbitindən uzaqlaşması deməkdir:

 

“Bunu Rusiyada da yaxşı başa düşürlər. Elə Ermənistanın özündə də, biz də Azərbaycanda yaxşı başa düşürük. Ümumiyyətlə hesab edirəm ki, Ermənistan nə qədər Rusiyadan uzaq dursa, bu bizim üçün də faydalı olacaq. Azərbaycan üçün, eləcə də qardaş Türkiyə üçün. O baxımdan biz Ermənistanı bu yolunda təşviq etməliyik. Yəni Ermənistanı həvəsləndirməliyik ki, Rusiyadan qopub tam olaraq qərbə doğru yol almış olsun. Çünki bundan sonrakı mərhələdə biz artıq Rusiyanın problemlər yarada bilməsi üçün potensial saxlaya bilmərik. Ermənistan Rusiya ilə yaxın olsa, bu potensial qalmaqda davam edəcək. Və təbiidir ki, Rusiya ilə münasibətlərdə Ermənistanın bu cür yanaşması gərginliyə səbəb ola bilər. Amma Rusiyanın, Ermənistanın daxilinə təsir imkanlarının da faktiki olaraq sıfırlanmağa doğru getdiyini unutmamalıyıq. Yəni Azərbaycanda öz dəstəyini bu məsələdə əsirgəməklə Ermənistanı Rusiyadan tam olaraq qopartmış, qoparmağa kömək etmiş ola bilər. Ermənistan tam olaraq Rusiyadan uzaqlaşsa, qopsa, bu bizim bölgəmizdə ümumi ovqata çox müsbət təsir edəcək. Artıq dağıdıcı mövqeyi ilə seçilən Rusiya bizim bölgəmizdə Ermənistan vasitəsilə söz sahibi olmaqdan çıxacaq. Bu da nəticə etibarilə ona gətirib çıxaracaq ki, Ermənistan həm Azərbaycanla, həm də qardaş Türkiyə ilə münasibətlərdə müstəqil davrana biləcək”.

 

Həmçinin şərhçi qeyd edib ki, əvvəlki illərdə Ermənistan Rusiyadan asılı olduğuna görə istər Türkiyə ilə, istər Azərbaycanla münasibətlərdə mütləq Moskvadan icazə alıb:

 

“Təbiidir ki, Moskva daim dağıdıcı mövqedən çıxış edərək aramızda münasibətlərin gərginliyinin davam etməsində maraqlı olduğunu göstərib. İndi isə Ermənistan Rusiyadan uzaqlaşır. Uzaqlaşdıqca da müstəqil siyasət yürütmə imkanları çoxalır və Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normal qurulmasında maraqlı olduğunu əməlində göstərir. Yəni bizim dövlətlərimiz, istər Azərbaycan Respublikası, istərsə də Gürcüstan bundan faydalanmış olacaq, çünki Ermənistan nə qədər ki Rusiyanın yanında idi, dağıdıcı mövqedən çıxış edib. Amma indi Ermənistan əgər Rusiyadan uzaqlaşıb Avropaya inteqrasiya edərsə, Avropa daha mədəni, daha demokratik və daha açıqdır. Düzdür, orada da anti-Azərbaycan qüvvələr yox deyil, amma Rusiyadan fərqli olaraq onlar fərqli müstəvilərdə davranırlar. Yəni Rusiya kimi aqressiv deyillər. O baxımdan Ermənistanın Qərbə, Avropa Birliyinə inteqrasiyası həm də Azərbaycan və Gürcüstan üçün əlavə üstünlük demək olacaq”.


Aytac İbrahimova

#baki #xəbər #rusiyadan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər