00:00:00
Yazar
Admin User
01.10.2025 16:44 106 3 dəq oxuma
Siyasət

Ermənistan-Azərbaycan münasibətlərində dönüş yaranıb

Ermənistan-Azərbaycan münasibətlərində dönüş yaranıb

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında münasibətlərdə əhəmiyyətli dinamikanın olduğunu açıqlayıb.

 

O, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib.

 

"Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya edilib və ən yüksək hüquqi qüvvəyə malik olub", - o qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a bildirib ki, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası üzrə əsasnamənin ratifikasiya olunması olduqca əhəmiyyətli bir məsələdir:

 

"Çünki iki ölkə arasında münasibətlərin tam normal məzmun alması üçün sərhədlərin dəqiqləşdirilməsi ön planda yer alan məsələdir. Bu problem həll edildikdən sonra iki ölkə arasında heç bir mübahisəli mövzu qalmamış olacaq. Ona görə də məhz bu əsasnamənin ratifikasiyası ilə irəliyə doğru önəmli addım atıldığı qətiyyən şübhə doğurmur. Ancaq bu prosesin nə qədər davam edəcəyi məlum deyil. Çünki sərhədlərin demarkasiya prosesi uzunmüddətli xarakter daşıyan prosesdir. Ancaq burada önəmli olan ən ciddi məsələlərdən biri odur ki, hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin pozitiv dinamikası bir çox qüvvələrə o qədər də sərfəli deyil. Xüsusilə də Cənubi Qafqazda geosiyasi maraqları olan qüvvələr Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını istəmirlər. Ona görə də bütün mümkün vasitələrlə bu prosesin pozulmasına cəhd göstərirlər. Təbii ki, ilk sırada Rusiya və İran dayanır. Eyni zamanda bu prosesin pozitiv istiqamətdə inkişafında maraqlı olmayan qüvvələrin sırasında Qərbdə də bəzi güclər mövcuddur. Xüsusilə də Fransa kimi dövlətlər Cənubi Qafqazda sabitliyin olmasında o qədər də maraqlı deyillər.

 

Eyni zamanda bu sıraya qlobal məkanda fəaliyyət göstərən və ermənipərəst mövqedən çıxış edən qüvvələr də daxildir. Həmin qüvvələr də sülh və normallaşma prosesinə dəstək vermək əvəzinə, ziddiyyətlərin yaradılmasına yönəlik mövqedən çıxış edirlər və əlavə problemlərin yaradılmasına cəhd göstərirlər. Təbii ki, ona görə də müəyyən risklər mövcuddur. Xüsusilə də Ermənistanın daxilində mövcud olan situasiya gərginlik üçün əsas qaynaq sayıla bilər. Çünki Ermənistanda Rusiyanın agentura şəbəkəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına, Zəngəzur dəhlizinin yaradılmasına kəskin şəkildə müqavimət göstərməyə çalışırlar və ən əsası isə erməni kilsəsi, erməni oliqarxiyası və radikal revanşist düşərgə birbaşa Rusiya kəşfiyyatından təlimatlar alır və Rusiyanın maraqlarının ifadəçisi kimi çıxış edirlər. Ermənistanda növbəti seçkilər ərəfəsində hakimiyyəti dəyişərək, sülh prosesini tamamilə gündəmdən çıxartmağa cəhd göstərirlər. Təbii ki, ona görə də Ermənistanda növbəti parlament seçkilərinin nəticələri məlum olana qədər müəyyən təhlükələr və risklər qalmaqda davam edəcək. Əgər Paşinyan hakimiyyəti öz mövqelərini qoruyarsa, sülh prosesi daha da inkişaf edəcək və Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması reallığa çevriləcək. Amma əgər Rusiyanın agentura şəbəkəsinin təmsilçiləri hakimiyyətə gələrsə, o zaman vəziyyət gərginləşə bilər və Rusiyanın təlimatı ilə radikal revanşist qüvvələr Cənubi Qafqazda situasiyanı daha da gərginləşdirə bilərlər".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər