Ermənistan-Pakistan münasibətlərdə normallaşma
Ermənistanla Pakistan diplomatik münasibətlər qurmaqdan danışıblar. Pakistanın Ermənistanla diplomatik münasibətləri qurmağa Azərbaycanla məsləhətləşmədən sonra başlayıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirir ki, Ermənistan və Pakistan arasındakı münasibətlərin qurulması Azərbaycanla Ermənistan arasındakı münasibətlərin qurulmasına bağlıdır:
“Məlum olduğu kimi, Pakistan Azərbaycanla həmrəylik göstərərək Ermənistanla münasibətlər qurmurdu. Müstəqillik əldə etdikdən sonra ümumiyyətlə, Pakistan Ermənistana demək olar ki, heç bir platformada tanımayıb və diplomatik münasibətlər də buna görə qurulmayıb. Və buna səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Azərbaycan arasında yaranan müharibə vəziyyəti idi. Artıq bu müharibə vəziyyəti aradan qalxıb və cənab prezident də bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh bərpa olunub. Yəni artıq bizim aramızda münaqişə sona çatıb, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və Azərbaycan və Ermənistan arasında hazırda sülh müqaviləsinin imzalanması istiqamətində çox mühüm addımlar atılır. Yəni bütün hər şeyə razılaşdırılıb. Artıq razılaşdırılmayan məsələ demək olar ki, yoxdur. Artıq buna paralel şəkildə, yəni Pakistan - Ermənistan münasibətlərinin gərgin olmasının, yəni Pakistanın Ermənistanla münasibət qurmamasının səbəbi də aradan qalxıb və bu səbəb aradan qalxdıqdan sonra çoxtərəfli xarici siyasətə malik olan Pakistan dövləti Ermənistanla münasibətlər qurmaqda, əlbəttə ki, maraqlı olacaq. Məlum olduğu kimi, Pakistanın ən böyük rəqibi olan Hindistanın Ermənistanla çox geniş şəkildə əlaqələri var və Pakistan da hər zaman bütün bölgə ölkələrində yeni dünya siyasətində əsasən Hindistanda rəqib kimi çıxış edir və bu da əlbəttə ki, Hindistanın və Pakistanın da Ermənistana maraq göstərməsinə səbəb ola bilər. Həm də Cənubi Qafqaz regionu çox maraqlı bir regiondur. Pakistanın həm Azərbaycanla xüsusi əlaqələri var, yəni bu, digər ölkələrlə müqayisə olunmayacaq dərəcədə güclüdür. Eyni zamanda Gürcüstanla da münasibətləri var. İndi Ermənistanla da münasibətlər qurduqdan sonra artıq Pakistanın Cənubi Qafqazda mövqeyi möhkəmlənəcək. Son zamanlar Cənubi Qafqaz xüsusi geniş əhəmiyyətə malik olan regiondur. Pakistan üçün də cəlbedici region olaraq Hindistan və Çinin və Amerika Birləşmiş Ştatlarının bura marağını nəzərə alsaq, buna görə düşünürəm ki, Pakistan Ermənistanla münasibətlərini qurmasına məhz bu istiqamətlərdən baxmaq lazımdır”.
Aysel Mirzəyeva