00:00:00
Yazar
Admin User
07.11.2025 18:26 95 2 dəq oxuma
Siyasət

Ermənistan Türkiyə və Azərbaycan arasında yük tranzitinə hazır olduğunu bildirib

Ermənistan Türkiyə və Azərbaycan arasında yük tranzitinə hazır olduğunu bildirib

Ermənistan hökuməti regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yeni mövqe nümayiş etdirib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a bildirib ki, Ermənistanın Türkiyə və Azərbaycan arasında yük tranzitinə icazə verməyə hazır olması Cənubi Qafqazda mühüm geosiyasi dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilə bilər:

 

“Bu addım, bir tərəfdən, regionda kommunikasiya və iqtisadi əlaqələrin normallaşmasına xidmət edə bilər, digər tərəfdən isə uzun illər qapalı qalmış sərhədlərin açılması ilə yeni nəqliyyat marşrutlarının formalaşmasına şərait yaradar. Ermənistanın bu qərarı, əgər praktik mərhələyə keçərsə, həm Zəngəzur dəhlizinin reallaşmasına paralel bir iqtisadi xətt kimi çıxış edəcək, həm də ölkəni regional layihələrə inteqrasiya etmək üçün yeni imkanlar yaradacaq. Lakin bu proses eyni zamanda geosiyasi balansı dəyişdirə, Ermənistanı Rusiyanın təsir dairəsindən qismən uzaqlaşdıra bilər. Paşinyanın ABŞ ilə dəmir yolu layihəsi barədə danışıqlar aparması Qərbin regiondakı aktivliyinin artdığını göstərir. ABŞ bu cür infrastruktur təşəbbüsləri ilə regionda iqtisadi əlaqələri canlandırmaqla yanaşı, Rusiyanın dominant rolunu zəiflətmək, İranın isə geostrateji təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Rusiya üçün bu, Ermənistanın etibarlı müttəfiq statusunun sarsılması deməkdir. İran da öz növbəsində bu layihələri Zəngəzur və Naxçıvan istiqamətində kommunikasiya nəzarətinin itirilməsi kimi qəbul edə bilər. Beləliklə, Ermənistanın qərbyönlü nəqliyyat strategiyası regional güclər arasında yeni maraq toqquşmaları yarada bilər.
Daxili siyasət baxımından, bu addımlar Paşinyan üçün həm siyasi risk, həm də manevr imkanları yaradır. Ermənistan cəmiyyətində uzun illər formalaşmış qorxu və Rusiya asılılığı psixologiyasını sarsıtmaq asan deyil. Qərbə inteqrasiyanın iqtisadi faydaları olsa da, müxalifət qüvvələri bu siyasəti “milli maraqlardan uzaqlaşma” kimi təqdim etməyə çalışacaq. Bununla belə, gənc nəsil və biznes dairələri Paşinyanın bu istiqamətini dəstəkləyə bilər, çünki regionda açıq iqtisadi əlaqələr Ermənistanın izolyasiyasını aradan qaldıra və dayanıqlı inkişaf üçün real fürsətlər yarada bilər”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər