Ermənistan və Çexiya arasında hərbi əməkdaşlıq güclənir
Ermənistanın müdafiə naziri Suren Papikyan Çexiya səfiri Petra Pirunçik və yeni təyin edilmiş hərbi və hərbi-hava attaşe İrji Mraçek ilə danışıqlar aparıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilib. Görüş zamanı Ermənistan və Çexiya arasında müdafiə sahəsində əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Ermənistanın Çexiya ilə hərbi əməkdaşlığı regionda maraqlı yeni xətt yaradıb:
"Çexiya NATO üzvü kimi texnoloji və təlim potensialına malikdir. Ermənistanın bu ölkə ilə əlaqələri genişləndirməsi onun təhlükəsizlik siyasətində Qərbə doğru yönəlməsini göstərib. İrəvan artıq təkcə Rusiyadan deyil, Avropa strukturlarından da hərbi və texniki dəstək almağa çalışıb. Bu, qısamüddətli dövrdə regiondakı qüvvələr balansını dəyişməsə də, uzunmüddətli baxımdan Ermənistanın müdafiə sistemini Qərb standartlarına uyğunlaşdırmaq niyyətini gücləndirib. Çexiyanın Cənubi Qafqazda fəallaşması NATO-nun regionda yumşaq şəkildə mövcudluğunu artırmaq siyasətinə uyğun gəlib. Bu fəallığın əsas məqsədi hərbi baza qurmaq yox, region ölkələrinin müdafiə idarəçiliyini Qərb normalarına yaxınlaşdırmaqdır. Attaşenin iqamətgahının Tbilisidə olması da bu strategiyanın bir hissəsidir. Gürcüstan artıq NATO ilə sıx əməkdaşlıq edən ölkədir və oradan regionun digər paytaxtlarına çıxış daha asandır. Ermənistanın Qərb ölkələri ilə hərbi əlaqələri gücləndirməsi Moskvanın təsirindən uzaqlaşmaq cəhdidir. Rusiya ilə münasibətlər əvvəlki kimi etibarlı deyil və İrəvan yeni tərəfdaşlar axtarıb. Fransa, Çexiya və bəzi digər Avropa ölkələri bu boşluğu doldurmağa çalışıb. Lakin bu siyasət Ermənistan üçün tam təhlükəsizlik təminatı anlamına gəlmir. Qərb ölkələri onu yalnız müəyyən çərçivədə dəstəkləyir və birbaşa hərbi müdaxiləyə hazır deyillər. Nəticə etibarilə, Çexiya ilə müdafiə əməkdaşlığı Ermənistan üçün siyasi jestdən çox, strateji istiqamət dəyişikliyinin göstəricisidir. İrəvan Qərblə yaxınlaşmaqla öz təhlükəsizlik modelini yenidən qurmağa çalışıb. Amma bu, Rusiya ilə münasibətləri daha da gərginləşdirə və Cənubi Qafqazda yeni rəqabət mərhələsinin başlanmasına səbəb ola bilər".
Aygün Babayeva
