Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü təsdiqlənib
Ermənistan Xarici İşlər Nazirliyi rəsmi şəkildə açıqlayıb ki, yaxın günlərdə İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan və Türkiyənin nümayəndəsi Serdar Kılıç görüş keçirəcək. Görüş ikitərəfli münasibətlərin normallaşdırılması prosesi çərçivəsində baş tutacaq.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan hökumətinin bu addımı həm regional, həm də qlobal siyasi proseslərdən qaynaqlanır. Baş nazir Nikol Paşinyan hakimiyyətə ABŞ-nin siyasi dəstəyi ilə gəldikdən sonra ölkənin xarici siyasət kursunu Qərbə yönəltmək və Rusiyadan asılılığı azaltmaq öhdəliyini götürüb:
“Paşinyanın apardığı siyasət açıq şəkildə Rusiyanın Ermənistandakı təsirini zəiflətməyə hesablanıb. Amma məsələ ondadır ki, Ermənistan hələ də iqtisadi baxımdan Rusiyadan asılıdır. Bu səbəbdən Moskva ilə əlaqələrin birdən-birə kəsilməsi Ermənistan üçün çox ağır nəticələr doğura bilər. Buna görə də İrəvan qonşularla, xüsusilə Türkiyə ilə münasibətləri düzəltmək niyyətindədir. Çünki Ermənistan dünya bazarına çıxmaq istəyirsə, bu yalnız Türkiyə üzərindən mümkündür. Ermənistan üçün münasibətlərin bərpası yolunda əsas maneələrdən biri Konstitusiyada Türkiyə ərazilərinə iddiaların hələ də qalması və “soyqırım” ittihamlarıdır. Digər tərəfdən, Türkiyə sərhədlərin açılması üçün Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasını şərt kimi irəli sürür. Türkiyə öz milli maraqlarını əsas götürür və Qərbin təzyiqlərinə baxmayaraq, yalnız Azərbaycanın maraqlarını nəzərə alaraq addımlar atacaq. Ermənistan isə əgər qonşularla münasibətlərdə konstruktiv siyasət yürütmək istəyirsə, ərazi iddialarından və tarixi ittihamlardan imtina etməlidir”.
Politoloqun sözlərinə görə, Ermənistanla Türkiyə arasında aparılan danışıqlar irəliyə doğru mühüm addımdır:
“Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakimiyyətdə qaldığı təqdirdə, həm Azərbaycanla sülh imzalamağa, həm də Türkiyə ilə daha konstruktiv dialoqa getməyə məcbur olacaq. Əks halda Ermənistan təcrid vəziyyətində qalacaq və nə regional əməkdaşlıqdan, nə də Qərbin iqtisadi dəstəyindən faydalana biləcək. Ona görə də Paşinyanın yeganə çıxış yolu qonşularla münasibətləri normallaşdırmaq və xüsusilə Türkiyə ilə sərhədlərin açılmasına nail olmaqdır. Ermənistan üçün sərhədlərin açılması dövlət və milli maraqlar baxımından vacibdir".
Mələk Hüseynova