Fars körfəzi adaları üzərində İranın suverenliyi mübahisəsizdir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Böyük Britaniyanın xarici işlər nazirlərinin birgə bəyanatında Tehrana qarşı səsləndirilən iddialara münasibət bildirib. O, sənəddə Fars körfəzində yerləşən Böyük Tənb, Kiçik Tənb və Əbu Musa adaları ilə bağlı irəli sürülən iddiaları əsassız adlandıraraq rədd edib. Bəqayinin sözlərinə görə, qeyd edilən adalar İranın ayrılmaz hissəsidir.
Məsələ ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Körfəz ölkələri ilə münasibətlərdə həmin adalar xüsusi önəm daşıyır:
“Körfəz ölkələrinin İranla münasibətləri məhz bu adalar məsələsinə görə daim qalmaqallı və gərgin olub. Ərəb dövlətləri iddia edirlər ki, adalar onlara məxsusdur. İran isə bu adaların İrana aid olduğunu və bunun tarixi reallıq olduğunu vurğulayır. Məsələnin təzadları yalnız tarixlə məhdudlaşmır. Adalar, eləcə də bütövlükdə Körfəz bölgəsi dünya ticarətində və enerji axınlarının formalaşmasında strateji əhəmiyyətə malikdir. Ona görə də nə İran, nə də digər dövlətlər adalardan imtina etməklə xarici siyasətlərinin əsas prioritetlərindən birini itirmək istəmirlər. Buna görə də problem illərdir həll olunmur və yaxın perspektivdə də həll olunacaq kimi görünmür. Hərbi qarşıdurma riskinə gəlincə, düşünmürəm ki, İran bu mərhələdə ərəb ölkələri ilə birbaşa müharibəyə getsin. Həmin ölkələrin ordularının İranla başabaş dayanmaq imkanları da mübahisəlidir. İran hazırda əlavə problem axtarmır”.
Ekspert əlavə edib ki, İranın hərbi gücü müəyyən məhdudiyyətlərlə üz-üzədir:
“12 günlük müharibə göstərdi ki, İran ABŞ və İsrailin hərbi texnologiyalarına qarşı kifayət qədər zəif imkanlara malikdir. Uzaq və ortamənzilli raketlər vasitəsilə cavab verə bilsə də, hava üstünlüyünün itirilməsi, dəqiq kəşfiyyat və texnologiyaların çatışmazlığı səbəbindən konkret hədəflərin məhv edilməsində geri qalır. İran yaxşı anlayır ki, onsuz da beynəlxalq sanksiyalar altında əzilir, iqtisadiyyatı zəifdir və çoxsaylı düşmənləri var. Bu səbəbdən yeni müharibə riski onun maraqlarına uyğun deyil. Amma bu, o demək deyil ki, tərəflər öz suveren maraqlarından əl çəkəcək. Problem hələlik diplomatik-siyasi müstəvidə qalacaq. Yaxın gələcəkdə olmasa da, uzaq perspektivdə dünya siyasətində dəyişikliklər fonunda Körfəz məsələsi yenidən aktuallaşa bilər. Qərb dairələri müxtəlif vasitələrlə Körfəz ölkələrini İrana qarşı yönləndirməyə çalışa bilərlər. Bu hal hazırda real görünmür, lakin zamanla vəziyyət dəyişə və bölgədə ciddi qarşıdurma riski yarana bilər”.
Banuçiçək Qurbanova
