00:00:00
Yazar
Səadət Əlizadə
24.07.2026 15:51 46 3 dəq oxuma
Sosial

Florensiyanın addımı Azərbaycanda da tətbiq oluna bilərmi?

 

Florensiyanın addımı Azərbaycanda da tətbiq oluna bilərmi?

İtaliyanın Florensiya şəhərində sosial media və rəqəmsal asılılıqla mübarizə məqsədilə ölkədə ilk daimi mərkəz fəaliyyətə başlayacaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında  BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanqızı bildirib ki, Florensiyada belə bir mərkəzin yaradılması rəqəmsal asılılığın artıq fərdi deyil, ictimai sağlamlıq problemi kimi qəbul edilməsinin göstəricisidir:

 

"Məncə, Azərbaycanda bu istiqamətdə ixtisaslaşmış dəstək mərkəzlərinin yaradılması faydalı ola bilər. Lakin məsələ yalnız yeni mərkəzlərin açılması ilə həll olunmur. Daha effektiv yanaşma psixoloqların, psixiatrların, pedaqoqların və valideynlərin iştirak etdiyi kompleks dəstək sisteminin qurulmasıdır. Xüsusilə, uşaqlar və yeniyetmələr arasında sosial media istifadəsinin davranışa, diqqətə, emosional vəziyyətə və akademik nəticələrə təsiri nəzərə alınaraq, erkən müdaxilə imkanları yaradılmalıdır.

Rəqəmsal texnologiyaların üstünlüklərini qorumaq şərtilə, asılılığın qarşısını almaq üçün təhsil sisteminin rolu düzgün dəyərləndirilməlidir. Məktəblərdə rəqəmsal savadlılıq dərsləri yalnız texnologiyadan istifadə bacarıqlarını deyil, həm də sağlam rəqəmsal vərdişləri, ekran vaxtının idarə olunmasını, sosial medianın psixoloji təsirlərini və informasiya təhlükəsizliyini əhatə etməlidir. Eyni zamanda, şagirdlərə tənqidi düşünmə, vaxtın idarə olunması və özünənəzarət bacarıqları aşılanmalı, müəllimlər və valideynlər üçün də maarifləndirici proqramlar təşkil edilməlidir. Məqsəd texnologiyanı qadağan etmək yox, ondan balanslı, təhlükəsiz və məqsədyönlü istifadə mədəniyyətini formalaşdırmaqdır”.

 

 

 

 

Əlavə olaraq təhsil eksperti Vüsət Əzizov isə bildirib ki, sosial media düzgün idarə edilmədikdə tədris prosesinə ciddi mənfi təsir göstərə bilər:

 

“Ən böyük problemlərdən biri diqqətin dağılmasıdır. Şagird və ya tələbə dərs zamanı və ya ev tapşırığını yerinə yetirərkən tez-tez telefona baxdıqda öyrənmə prosesi bölünür, məlumatın mənimsənilməsi zəifləyir və akademik nəticələr aşağı düşür.

Digər mühüm problem vaxtın səmərəsiz idarə olunmasıdır. Sosial şəbəkələrdə planlaşdırılmamış şəkildə saatlarla vaxt keçirmək dərs hazırlığına, mütaliəyə və özünüinkişafa ayrılan vaxtı azaldır. Bu isə imtahan nəticələrinə və ümumi akademik göstəricilərə mənfi təsir göstərir. Əlavə olaraq, sosial mediadan həddindən artıq istifadə yuxu rejiminin pozulmasına, emosional gərginliyə və motivasiyanın azalmasına səbəb ola bilər. Keyfiyyətli yuxu almayan şagirdlərin diqqət, yaddaş və məntiqi təhlil bacarıqları zəifləyir ki, bu da təhsil nailiyyətlərinə birbaşa təsir edir.

Rəqəmsal savadlılıq artıq müasir təhsilin əsas komponentlərindən biridir. Məktəblərdə şagirdlərə təkcə texnologiyadan istifadə etməyi deyil, ondan məsuliyyətli və təhlükəsiz şəkildə yararlanmağı da öyrətmək lazımdır”.

 

Eyni zamanda ekspert vurğulayıb ki, bu istiqamətdə bu addımlar xüsusilə vacibdir:

 

“İlk olaraq, dərslərdə rəqəmsal etika, informasiya təhlükəsizliyi və sosial media davranış qaydaları ilə bağlı mövzulara yer verilməlidir. Bundan əlavə, şagirdlərə ekran vaxtının idarə olunması, rəqəmsal balansın qorunması və texnologiyadan məqsədyönlü istifadə bacarıqları aşılanmalıdır. Digər mühüm məqam isə odur ki, valideynlər və müəllimlər bu prosesdə birgə fəaliyyət göstərməli, uşaqlarda sağlam rəqəmsal vərdişlərin formalaşmasına dəstək olmalıdırlar. Bundan başqa, məktəblərdə sosial medianın riskləri, kibertəhlükəsizlik, dezinformasiya və rəqəmsal iz kimi mövzular üzrə maarifləndirici seminarlar təşkil edilməlidir. Texnologiyanı qadağan etmək deyil, ondan düzgün istifadə mədəniyyətini formalaşdırmaq daha effektiv yanaşmadır. Rəqəmsal alətlər təhsil üçün böyük imkanlar yaradır. Lakin bu imkanlardan səmərəli istifadə etmək üçün şagirdlərdə özünənəzarət, tənqidi düşüncə və rəqəmsal məsuliyyət hissi formalaşdırılmalıdır. Bu bacarıqlar gələcəkdə həm akademik uğurun, həm də sağlam rəqəmsal həyat tərzinin əsasını təşkil edəcək”.

 

 

Səadət Əlizadə

#Florensiya #media #tətbiq #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər