Fələstin İsrailə saziş təklif edib
Fələstinin HƏMAS hərəkatı İsraillə hərtərəfli saziş imzalamaq istəyir. Bu sazişə görə, Fələstin razılaşdırılmış sayda fələstinli məhbus müqabilində bütün girovları azad edəcək. Saziş həm də Qəzzada müharibənin dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını da əhatə etməlidir.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlama verib:
"HƏMAS-ın verdiyi təklif prinsipcə normal bir təklif olsa da, hazırda İsrail hökumətinin bu təklifi qəbul edəcəyini düşünmürəm, çünki HƏMAS tələb edir ki, İsrail öz qoşunlarını Qəzzadan çıxarsın. İsrail isə hal-hazırda Qəzzanın 75%-nə nəzarət edir və əslində, görünən odur ki, Netanyahu hökuməti bu əraziləri ilhaq etmək fikrindədir.
HƏMAS savaşın dayandırılması üçün bu təklifi edir, amma eyni zamanda İsrailin tələblərindən biri də HƏMAS-ın tamamilə silahsızlaşdırılmasıdır, HƏMAS-ın isə istəklərindən biri odur ki, silahsızlaşdırılmadan sonra onlara siyasi fəaliyyətlə məşğul olmağa şərait yaradılsın, onlar siyasi müstəvidə məşhurlaşsınlar. Bu baxımdan, tərəflər arasında kifayət qədər ziddiyətli döngü var.
Söhbət ondan gedir ki, təklifə görə, Fələstin razılaşdırılmış sayda fələstinli məhbus qarşılığında bütün girovları azad etməli, İsrail Qəzzadakı qoşunları geri çəkməlidir. Açığı, İsrailin belə bir təklifi qəbul edəcəyini düşünmürəm. Əgər qəbul edərsə, bu müharibənin ciddi şəkildə dayanmasına və bölgədə sabitliyin yaranmasına gətirib çıxara bilər".
Politoloq Fuad Həsənov isə bu mövzuda geniş açıqlama verib. O fikirlərini "İnformator.az"a belə ötürüb:
"HƏMAS heç bir beynəlxalq qurum tərəfindən, beynəlxalq güclər tərəfindən, xüsusilə də, qərb güclər tərəfindən normal siyasi qüvvə kimi qəbul edilmir, daha çox siyasi-hərbi birləşmədir. Bu baxımdan, humanitar təziq bu sazişin təklifində vacib rol oynayır. Qəzzada ağır humanitar böhran hökm sürür, mülki və ağır itkilər də göz önündədir. Bu davam edən müharibə səbəbi ilə həyatı mənbələr tükənir, ciddi resurs çatışmazlığı yaranır.
Eyni zamanda, belə bir təklifin verilməsi həm də kimlik qazanmaq üçün ciddi əhəmiyyət kəsb edir, yəni rolların dəyişdirilməsi vacib bir hadisə kimi qiymətləndiriləcək. Bu hal həm Fələstin cəmiyyətində, həm də beynəlxalq miqsayda müsbət hal kimi dəyərləndiriləcəyi üçün siyasi xal toplamağa da gətirib çıxaracaq.
Digər tərəfdən bu saziş nəticəsində HƏMAS-ın nəfəs almaq, qüvvələrini bərpa etmək şansı da olacaq, perspektiv olaraq siyasi masada daha əlverişli və güclü görünəcək.
Qaldı ki, belə bir təklif İsrailə sərf edərmi? Təbii ki, bu təklifin İsrail üçün də müsbət tərəfi də var, girovların qaytarılması İsrail hökuməti üçün böyük ictimai-siyasi hadisədir, çünki İsrail cəmiyyətində ailələrin təzyiqi, daxili siyasət məsələləri bu şərtlərin müəyyən edilməsində ciddi əhəmiyyət kəsb edə bilir. Bu cəhətdən bu addım İsrail üçün müsbət adlandırıla bilər.
Lakin İsrail qoşunlarını çıxarmaq məsəlsinə görə, bu təklifdə heç tərəddüt belə etməyəcək. Hətta o, xeyli çağırışlara belə qulaq verməmişdi.
Müharibənin tamamilə dayanmasından isə söhbət belə gedə bilməz. Həm Fələstin dövlətinin müvafiq formada təsisi və beynəlxalq qəbulu, dəstəklənməsi tam baş verməyib, həm də Fələstinin azadlığını özləri üçün bayraq edən, əl dəyişən təşkilatlar bəyan etdikləri məqsədlərinə çatmadıqları üçün onlar öz silahlı müqavimətlərinə davam edəcəklər, buna görə də müharibə tam sonlana bilməz.
Bu saziş ən yaxşı halda müvəqqəti atəşkəs ilə nəticələnə bilər və ya girov böhranını həll edə bilər, çünki İsrail HƏMAS-ı tamamilə sıradan çıxarmaq məqsədindən dönməyəcəyini dəfələrlə bəyan edib".
Piranə Xasiyeva