Əfqanıstan un idxalından asılılığı azaldır
Əfqanıstanın İqtisadi İşlər üzrə Baş nazirinin müavini bu gün açıqlama verərək ölkədə un istehsalında mühüm irəliləyiş əldə olunduğunu bildirib. Hazırda ölkə illik 6 milyon ton un tələbatının təxminən 60 faizini daxili istehsal hesabına ödəyir.
Məlumata görə, hazırda Əfqanıstan ərazisində 200 un dəyirmanı fəaliyyət göstərir və bu müəssisələrdə təqribən 2,500 nəfər birbaşa işlə təmin olunub.
Sektorun möhkəmləndirilməsi üçün hökumət bu sahədə bir sıra tədbirlər görüb. Bunlara buğda idxalına tətbiq olunan rüsumların azaldılması, buğda qaçaqmalçılığına qadağa qoyulması və yerli fermerlərin artıq məhsulunun rəqabətli qiymətlərlə dövlət tərəfindən alınması daxildir. Toplanan ehtiyatlar dövlət anbarlarında saxlanılır və bazarda təklifin azaldığı vaxtlarda satışa çıxarılır.
Rəsmi açıqlamada bildirilib ki, bu siyasət ölkədə uzunmüddətli ərzaq təhlükəsizliyini təmin etmək və xüsusilə qlobal buğda qiymətlərinin artdığı və ya ticarət əlaqələrinin pozulduğu dövrlərdə idxaldan asılılığı azaltmaq məqsədi daşıyır.
ANEWZ
Güllər Gülhüseynova