Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı 900-ə çatıb
Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində bazar günü baş verən 6 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 900-ə yüksəlib.
Əfqanıstan Milli Fövqəladə Halların İdarə Olunması Təşkilatının sözçüsü Yusuf Hammad zəlzələyə dair açıqlamasında bildirib ki, ölənlərin sayı 900, yaralıların sayı isə 3 min nəfərə çatıb.
Onun sözlərinə görə, yaralıların bölgədən təxliyəsi davam edir, buna görə də ölənlərin və yaralıların sayında dəyişiklik ola bilər. Hammad həmçinin qeyd edib ki,zəlzələ nəticəsində yaranan torpaq sürüşmələri bəzi yolları bağlayıb,lakin çətin bölgələrə girişin təmin olunması üçün həmin yolların yenidən açılması üzərində işlər aparılır.
Axtarış-xilasetmə davam edir.
Rəsmilər bildiriblər ki,zəlzələdən sonra bölgəyə göndərilən xilasetmə qrupları Kunar vilayətində dağıntılar altında qalan yüzlərlə insana kömək etmək üçün çalışmalarını davam etdirirlər. Dağlıq ərazi və əlverişsiz hava şəraiti bəzi kəndlərə çatmağı çətinləşdirir. Yaralılar helikopterlərlə xəstəxanalara daşınır.
Beynəlxalq yardım çağırışı.
Əfqanıstan hökumətinin beynəlxalq yardım çağırışından sonra Hindistan,İsveçrə,Çin və Böyük Britaniya daxil olmaqla bir sıra ölkələr yardım göndərəcəklərini açıqlayıb.
BMT Uşaq Fondu (UNICEF) ABŞ mərkəzli X sosial media platformasında yayımladığı açıqlamada bildirib ki,zəlzələdə evsiz qalan ailələr üçün gigiyena vasitələri,isti geyim,yorğan və mətbəx ləvazimatları olan 2 min yardım paketi bölgəyə göndərilib.
ABŞ və BMT-dən açıqlamalar.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat verib ki,zəlzələ Pakistan sərhədi yaxınlığında, Celalabad şəhərindən 27 km şimal-şərqdə, 8 km dərinlikdə baş verib.
Yerli rəsmilər bunun ölkəni vuran ən şiddətli zəlzələlərdən biri olduğunu deyiblər.
BMT-nin Humanitar İşlərin Koordinasiya İdarəsi (OCHA) isə açıqlayıb ki,dağıdıcı zəlzələdən ilkin mərhələdə ən azı 12 min nəfər birbaşa təsirlənib.
TRT XƏBƏR
Eslanda Kulieva