Fransa Türkiyəyə qarşı vuruşacağı müharibə ssenarisi yaydı
Fransa mətbuatı birbaşa Türkiyəni hədəf alan video hazırlayıb. Görüntülərdə Fransanın Kardak savaşında Türkiyəyə qarşı Yunanıstanın tərəfində vuruşacağı bir müharibə ssenarisi göstərilib.

Fransanın L'express jurnalı Fransa silahlı qüvvələrinin müdaxilə edə biləcəyi 5 müharibə ssenarisini ehtiva edən video yayımlayıb. Bu ssenarilər arasında Kardak ətrafında baş verən Türkiyə-Yunanıstan müharibəsi də yer alıb. Fransızların qalmaqallı ssenarisinə görə, 2027-ci ilin 17 fevralında Türkiyəyə məxsus təxminən min komando daşıyan TCG Anadolu gəmisi 2 freqat və 1 sualtı qayıqla Kardak qayalarına yaxınlaşacaq. 50 yunan əsgəri türk bayrağı sancılmış qayalarda həbs ediləcək. Bundan sonra Afinanın Kardakı geri almaq əməliyyatları uğursuzluğa düçar olacaq. Tam bu məqamda isə Fransa münaqişəyə qarışacaq. Prezident Emmanuel Makron Almaniya, İngiltərə və İtaliyanın da daxil olduğu koalisiya ilə Yunanıstana kömək etmək üçün əməliyyata başlayacağını açıqlayacaq. Bundan sonra Afinaya 2 freqat, 1 nüvə sualtı qayığı göndəriləcək. Bu da 2021-ci ildə imzalanan Yunanıstan-Fransa müqaviləsinə uyğun olaraq reallaşacaq. Nəticədə fransızlar yunan qüvvələri ilə birlikdə türk əsgərlərini dəf etməyə müvəffəq olacaqlar.
Bu məqamda belə bir sual ortaya çıxır. Sözügedən ssenari Fransız kəşfiyyatı və hərbi rəsmilərinin sifarişi ilə hazırlana bilərmi? Bu suala cavab tapmaq üçün mövcud reallığı yenidən nəzərdən keçirmək lazım gəlir. Belə ki, məlumdur ki, Türkiyənin ətrafında ikinci cəbhə açılmasına çalışan qüvvələr var. Siyasi şərhçi Hasan Oktay deyir ki, dolayısıyla da Paris bu ssenarini ortaya ataraq Türkiyə daxilində müxalifəti qıcıqlandıraraq vəziyyəti gərginləşdirmək istəyə bilər. “Digər tərəfdən, Yunanıstana Türkiyə ilə müharibə qapıdadır mesajı verərək bu ölkəyə silah satışını artırmağı da hədəfləyə bilər. Ən real ssenari isə odur ki, Yelisey sarayı Afrikadakı uğursuzluğundan diqqəti yayındırmaq üçün Ankara-Afina gərginliyini gündəmə gətirib. Doğrudur, iki NATO ölkəsinin toqquşması hazırda real görünmür. Amma əgər bu versiya reallaşarsa belə, Türkiyənin bu savaşdan məğlub çıxacağı düşünülmür”.
Qeyd edək ki, 1995-ci ildə Yunanıstan hərbçiləri Kardak adasına daxil olaraq bayraqlarını sancıblar. Həmin dövrdə Türkiyənin Baş naziri Tansu Çillər Silahlı Qüvvələrin savaşa hazır olduğunu bildirərək, 1996-cı ildə adadan hərbçilərin çıxarılmasını tələb edib. Bundan sonra Yunanıstan hərbçiləri adanı tərk edib və bayraqlarını özləri ilə aparıblar. Sonrakı mərhələdə Türkiyə Lozannanın 16-cı maddəsinə əsasən, adalardakı bütün titullarından imtina edib, amma adaların gələcəyi ilə bağlı veriləcək qərarın tərəflərindən biri kimi qalıb. Yəni əslində, Kardak Egeydə tarix boyu Yunanıstana verilməyən adalardan biridir və rəsmi Ankara dəfələrlə bu sulardakı mənafelərindən əl çəkməyəcəyini bəyan edib.
JALƏ
