00:00:00
Yazar
Ayan Sadi
04.11.2026 22:12 14 2 dəq oxuma
Dünya

İranın ali rəhbəri ABŞ ilə münaqişənin dialoq yolu ilə həllini tapşırıb

İranın ali rəhbəri ABŞ ilə münaqişənin dialoq yolu ilə həllini tapşırıb

İran və ABŞ arasında uzun müddətdir davam edən gərginliyin diplomatik yollarla həlli məsələsi yenidən gündəmə gəlib. İranın ali rəhbərinin münaqişənin dialoq yolu ilə həll edilməsi ilə bağlı göstəriş verməsi regionda mümkün siyasi dəyişikliklərə dair müzakirələri artırıb.

 

 

Mövzu ilə bağlı politoloq Elçin Alıoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, İranın ali rəhbəri Ayətullahülüzma Müctəba Xamneyinin ABŞ rəsmiləri ilə danışıqlar aparmaq üçün hökumətə müəyyən səlahiyyətlər verməsi Tehran xarici siyasətində önəmli siyasi siqnaldır. Amma bunu Tehranın geri çəkilməsi və yaxud da məğlubiyyətə hazır olması kimi qiymətləndirmək qətiyyən düz deyil.

 

“İran prezidenti Məsud Pezeşkianın noyabrın 2-də verdiyi qərar dialoq üçün imkan yaradır. Amma güzəştlərin hüdudlarını müəyyənləşdirmir. Tehran ABŞ və İsraillə qarşıdurmanın mümkün nəticələrini hesablayır. Müharibə, limanların blokadası, Hörmüzün qapanması, neft ixracına sanksiyalar və məhdudiyyətlər, iqtisadi təzyiqlər İranın manevr imkanlarını xeyli daraldır. Belə şəraitdə diplomatiyaya qayıdış sayıla bilər”.

 

Politoloqun sözlərinə görə, İranın xarici siyasətində strateji qərarlar təkcə Pezeşkiana məxsus deyil. Pezeşkian İranda dördüncü insandır. Ali rəhbərin aparatı, Ali Milli Təhlükəsizlik Şurası və hərbi təhlükəsizlik dairələri, yəni SEPAH, razılaşmanın məzmununa önəmli təsir göstərir. Deməli, danışıqlara icazə verilməsi onların nəticəsinin əvvəlcədən təsdiqlənməsi demək deyil.

 

Onun sözlərinə görə, əsas maneə tərəflərin tələblərinin ardıcıllığıdır. Tehran əvvəlcə ABŞ-ın dəniz blokadasına son qoyulmasını, neft sanksiyalarının yumşaldılmasını, dondurulmuş aktivlərin, yəni bank hesablarının azad edilməsini, yeni hücumların olmayacağına təminat verilməsini tələb edir. Vaşinqton isə İranın nüvə proqramını dayandırmasını, zənginləşdirilmiş uran ehtiyatının təhvil verilməsini və Hörmüz boğazında təhlükəsizlik, logistika, gəmiçilik məsələlərinin təminatını ilkin mərhələdə müzakirə edir.

 

Elçin Alıoğlunun fikrincə, yaxın perspektivdə hərtərəfli sazişdən daha real variant mərhələli, qarşılıqlı və yoxlanıla bilən razılaşmadır. Hücumların dayandırılması, dəniz blokadasının yumşaldılması, Hörmüzdə təhlükəsizlik rejiminin bərpası, məhdud sanksiya güzəştləri və nüvə məsələsi üzrə texniki danışıqlar başlaya bilər. Hər addım qarşı tərəfin konkret öhdəliyi ilə müşayiət olunmalıdır.

Müctəba Xamneyinin verdiyi səlahiyyət sülhə zəmanət deyil, diplomatiya üçün açılmış siyasi pəncərədir. Bu pəncərənin imkanlara çevrilməsi isə Vaşinqton və Tehranın maksimalist tələblərdən nə qədər uzaqlaşacağından asılıdır.

 

 

Aysun Xəlilova

#tapşırıb #yolu #münaqişənin #rəhbəri #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər