Fransada yeni Baş nazir təyin edilib
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva bildirib ki,yeni Baş nazirin təyinatı Fransa siyasətinə müəyyən qədər yeni nəfəs gətirə bilər.
“Fransada yeni Baş nazirin təyin olunmasının əsas səbəbi siyasi balansı qorumaq və hökumətin fəaliyyətində dinamikanı yeniləməkdir. Prezident Emmanuel Makron daxili və xarici siyasətdə təzyiqlərin artdığı bir dövrdə hökuməti gücləndirmək üçün belə bir qərar verib. Bu həm də seçici elektoratına yeni mesaj vermək, ictimai rəylə hökumət arasında körpü yaratmaq cəhdi kimi qiymətləndirilə bilər.
Yeni Baş nazirin təyinatı Fransa siyasətinə müəyyən qədər yeni nəfəs gətirə bilər. O, həm hökumətin strukturunda, həm də icraedici orqanların fəaliyyətində daha çevik yanaşmalar tətbiq edə bilər. Bu addım Fransa daxilində sosial sabitliyi gücləndirmək, həm də Avropa İttifaqı və beynəlxalq səviyyədə ölkənin mövqelərini möhkəmləndirmək üçün nəzərdə tutulur.
Sebastyan Lekornyun sabiq silahlı qüvvələr naziri kimi bu posta gətirilməsi təsadüfi deyil. Bu, Fransanın təhlükəsizlik məsələlərinə, müdafiə siyasətinə və beynəlxalq arenada hərbi-strateji mövqeyinə xüsusi önəm verdiyini göstərir. Belə bir seçim həm daxili təhlükəsizlik məsələlərinə, həm də Ukrayna müharibəsi fonunda Avropanın müdafiə sisteminə Fransanın daha çox diqqət ayıracağına işarədir.
Yeni Baş nazirin ilk addımı böyük ehtimalla hökumət kabinetində prioritet istiqamətləri müəyyənləşdirmək, sosial gərginliklərə cavab verən islahatlara start vermək və Fransa cəmiyyətində etimadı bərpa etmək olacaq. Eyni zamanda, beynəlxalq münasibətlərdə ölkənin mövqeyini gücləndirəcək açıqlamalar və təşəbbüslərlə çıxış edəcəyi də gözləniləndir”.
Şehrin Musayeva