Fransada yeni baş nazirin təyinatı etirazlarla müşayiət olunub
Fransada “Bloquons Tout” (“Hər şeyi bloklayaq”) hərəkatının təşkil etdiyi aksiyalar ölkənin yeni baş naziri Sebastyan Lekornunun andiçmə mərasimi ilə eyni gün keçirilib.
Etirazçılar küçələri bağlayıb, zibil qutularını yandırıb, infrastruktur və məktəblərə giriş-çıxışı pozublar. Parisdə Gare du Nord stansiyası yaxınlığında toqquşmalar zamanı polis gözyaşardıcı qaz tətbiq edib, 250-dən çox nəfər saxlanılıb.
Hərəkat büdcə ixtisarlarına qarşı çıxaraq daha çox ictimai sərmayə, yüksək gəlirli təbəqələrə əlavə vergi, kirayələrin dondurulması və Makronun istefasını tələb edir.
Makronun yaxın tərəfdarı olan Lekornu son iki ildə Fransanın beşinci baş naziri olub. O, parçalanmış parlamentdə büdcə razılaşması əldə etmək kimi çətin vəzifə ilə üz-üzədir və müxalifətlə daha yaradıcı dialoq vəd edib.
BBC News
Ayşə Müzəfərli