Güləşçimiz mübarizədə!
"Jalə Əliyeva dünən güləşib və təəssüf ki, məğlub olub. Sərbəst güləşdə qazandığımız 4 medalı uğurlu hesab edə bilərik. Çünki sonuncu dəfə 2011-ci ildə Türkiyədə keçirilən dünya çempionatında sərbəst güləşdə bu qədər medal qazana bilmişdik. 14 il əvvəlki nəticəni təkrarladıq. Güləşin bu növündə rəqabətdən ildən-ilə güclənir. Təsəvvür edin ki, Türkiyə, Gürcüstan, Ukrayna, Macarıstan və Bolqarıstan kimi zəngin güləş ənənələrinə sahib ölkələr bu yarışda medalsız qalıb".
Bu sözləri Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, belə ağır rəqabətdə 1 gümüş və 3 bürünc medalla komanda hesabında dünyada 4-cü yeri tutmaq ciddi nəticədir:
"Amma bu say 5-6 ola bilərdi. Bəzi görüşlər sırf fərdi səhvlərə görə məğlubiyyətlə nəticələnib. Sabahdan etibarən yunan-Roma güləşi üzrə milli komandamız dünya çempionatında mübarizəyə başlayacaq. Bu komanda son 2 ilin dünya çempionudur. Ona görə də əsas ümidlər yunan-Roma güləşçilərimizədir. Titulu qorumaq yolunda əlimizdən gələni edəcəyik. İnşallah, medalların ardı gələcək".
Zəhra Möhübbətova