" Gündəlikdə Pakistanın Ermənistanı BMT üzvü kimi tanıması məsələsi yoxdur"
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress”in Rusiyanın TASS agentliyinin Pakistanın Ermənistanı BMT-yə üzv ölkə kimi tanımaq niyyətinə dair yayımladığı məlumata münasibət bildirərkən deyib.
Mövzu ilə bağlı politoloq Natiq Miri "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya mediasının yaydığı məlumat isə dolayısı ilə ictimai rəyi, xüsusilə də Ermənistandakı ictimai rəyi çaşdırmağa yönəlib:
"Rusiyanın milyonlarla vəsait xərclədiyi xüsusi yalan və dezinformasiya institutu var ki, bundan daim öz geosiyasi məqsədləri üçün istifadə edirlər. Ona görə də Rusiyada hər hansı bir informasiya yayılırsa, buna öncədən şübhə ilə yanaşmaq lazımdır. Pakistanın Ermənistanla münasibətləri isə Azərbaycanla 8 avqustda Vaşinqtonda imzalanmış sülh sənədi və bəyanatla əlaqəlidir. Həmin sənəddən sonra münasibətlərin tədricən tənzimlənməsi, perspektivdə bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması və yekun sülh sənədinin imzalanmasına aparan yolda Ermənistanın yerinə yetirməli olduğu öhdəliklər var. Bu öhdəliklərin icrası və sərhədlərin müəyyənləşdirilməsi məsələsində irəliləyiş əldə olunması həm regiona sülh və əməkdaşlıq gətirəcək, həm də Pakistan kimi Azərbaycanın dost ölkələrinin gələcəkdə Ermənistanla münasibətlər qurmasına yol açacaq. Azərbaycan isə bu prosesin əleyhinə deyil. Məhz 8 avqust Vaşinqton razılaşmalarından sonra qardaş Türkiyə də Ermənistanla sərhədlərin açılması məsələsini müzakirə etməyə başlayıb. Yaxın günlərdə bu istiqamətdə danışıqlar aparan Sərdar Kılıçın Ermənistana səfəri gözlənilir. Bu səfər sərhədlərin açılması və perspektivdə Ermənistan-Türkiyə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, o cümlədən Gümrü-Qars dəmir yolunun yenidən işə salınması kimi məsələləri də əhatə edəcək. Yəni bu gün Pakistanla Ermənistan arasında münasibətlərin qurulmasına yol açan əsas məsələ Vaşinqton anlaşmasıdır. Həmin sənəddə Azərbaycan Prezidenti regionda sülhün bərqərar olunması ilə bağlı açıq şəkildə bəyanat verib. Bu da imkan yaradıb ki, Pakistan Ermənistanla münasibətlərin tənzimlənməsinə başlasın. Artıq bu istiqamətdə danışıqlar aparılır, münasibətlərin tənzimlənməsi yönündə konkret addımlar atılır. Rusiya mediasının yaydığı məlumat isə dolayısı ilə ictimai rəyi, xüsusilə də Ermənistandakı ictimai rəyi çaşdırmağa yönəlib. Baxmayaraq ki, 8 avqustda Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin iştirakı ilə sülh və əməkdaşlıq mesajları verilib və bu, müsbət qarşılanıb, Rusiya mediası bu razılaşmanı gözdən salmağa çalışır. Onlar xüsusi olaraq vurğulamaq istəyirlər ki, guya hələ də Azərbaycanın strateji tərəfdaşı olan Pakistan Ermənistanı BMT üzvü kimi tanımayıb. Bu fikirlə Ermənistan ictimaiyyətində Vaşinqton anlaşmasına qarşı inamsızlıq yaratmaq, razılaşmanın effektivliyini şübhə altına almaq məqsədi güdürlər. Bu prosesin bir hissəsi kimi Ermənistan baş naziri Paşinyana qarşı da inamsızlıq toxumları səpilir. Rusiya agentlikləri tərəfindən yayılan bu məlumatlar da, əslində, erməni ictimai rəyinə təsir etməyə və Vaşinqton razılaşmasının legitimliyini sual altına almağa yönəlib".
Müsahib qeyd edir ki, Pakistanın perspektivdə Ermənistanla əməkdaşlığı və münasibətlərin tənzimlənməsi, eləcə də qarşılıqlı diplomatik nümayəndəliklərin açılması regionda qüvvələr balansına hər hansı bir mənfi təsir göstərməyəcək:
"Çünki Pakistan Azərbaycanın strateji tərəfdaşından da artıq dost və qardaş ölkədir. Ona görə də Pakistanın Ermənistanla münasibətləri tənzimləməsi və Ermənistanı müstəqil subyekt kimi tanıması bölgədəki qüvvələr balansına ciddi təsir etməyəcək. Yəni Ermənistanla əməkdaşlıq Pakistanı Azərbaycanla dostluq münasibətlərindən uzaqlaşdırmır və ya Ermənistanın gücünü artırmır. Sadəcə olaraq, Asiyada strateji baxımdan önəmli olan bir ölkənin, Pakistanın Ermənistanı tanıması və onunla diplomatik münasibətlər qurması Ermənistan adına müsbət diplomatik hadisə sayılır. Rusiya bu gün nə sülh prosesində, nə Zəngəzur dəhlizinin açılması prosesində, nə də sərhədlərin müəyyənləşdirilməsi prosesində iştirak etmir. Bu isə Rusiya üçün, təbii ki, qəzəb doğuran və ağrılı bir məsələdir. Digər tərəfdən, Rusiya 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə yönəlik çox ciddi hazırlıqlara başlayıb. Rusiyada yaşayan bütün erməni milyarderlərin bir araya gətirilməsi və onlara konkret göstərişlərin verilməsi prosesi gedir. Məqsəd ictimai rəyi öz tərəflərinə çəkmək və Nikol Paşinyan hakimiyyətini seçkilərdə devirməkdir. Bir növ, Gürcüstanda vaxtilə milyarder Bidzina İvanişvilini hakimiyyətə gətirən modelin Ermənistanda tətbiqinə cəhd edilir. Bu modelin əsas dayaqlarından biri isə ictimai rəyin formalaşdırılmasıdır. Bu baxımdan, Ermənistanda fəaliyyət göstərən Rusiya yönümlü media orqanları, o cümlədən Rusiyada fəaliyyət göstərən media qurumları bu istiqamətdə fəallıq göstərir. TASS agentliyinin yaydığı son məlumatlar da məhz bu kontekstdə dəyərləndirilə bilər. Yəni əsas hədəf Nikol Paşinyan hökumətini mümkün qədər gözdən salmaq və 2026-cı il parlament seçkilərində Rusiya yönlü qüvvələrin qalib gəlməsinə şərait yaratmaqdır".
Səmayə Səftərova