Gürcüstan-Rusiya danışıqları növbəti dəfə uğursuz olub
Cenevrədə keçirilən Gürcüstan-Rusiya beynəlxalq danışıqlarının 65-ci mərhələsi pozulub. Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya tərəfi məcburi köçkünlər və qaçqınların öz evlərinə qayıtması məsələsinin müzakirəsi zamanı danışıqları tərk edib. Gürcüstan nümayəndə heyəti Rusiyanın 2008-ci il atəşkəs sazişi üzrə öhdəliklərini yerinə yetirməməsini və işğal altındakı ərazilərdə insan haqları pozuntularını tənqid edib. Cenevrə danışıqları 2008-ci il müharibəsindən sonra BMT, ATƏT və Aİ-nin vasitəçiliyi ilə aparılan yeganə siyasi dialoq formatıdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Rusiya Gürcüstan ərazilərini işğalda saxladığı və separatçılara dəstək verdiyi müddətcə münasibətlər gərgin olaraq qalacaq:
"Biz bu gərginliyi 2008-ci ildən bəri iki ölkə arasında baş tutan Cenevrə beynəlxalq danışıqlarının hər mərhələsində hiss etmişik. Sonuncu yəni 65-ci görüş də bu mənada fərqlənməyib. Gürcüstan tərəfi danışıqlarda Rusiyanın 2008-ci ildə əldə olunan atəşkəs haqqında saziş üzrə üzərinə götürdüyü beynəlxalq öhdəliklərin tam yerinə yetirilməsini, məcburi köçkünlər və qaçqınların işğal altında olan ərazilərə qayıtmasını tələb edib. Suxumi hava limanının fəaliyyətə başlaması, həmçinin Rusiya və Suxumi arasında dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə daşımaların həyata keçirilməsi Gürcüstanı ciddi narahat edir. Gürcüstanın ərazisində rəsmi Tbilisinin nəzarətindən kənar bu cür fəaliyyətlər təbii ki, beynəlxalq hüququn pozulmasıdır. Gürcüstan nümayəndələri hər dəfə Cenevrə beynəlxalq danışıqlarında bu narahatlıqlarını dilə gətirir, görüşlər isə nəticəsiz qalır. Bəs onda rəsmi Tbilisi niyə bu qədər nəticəsiz görüşlərdə iştirak edir? Əsas məqsəd diplomatik təmasları aktiv saxlamaq və dünyanın diqqətini bu problemə kökləməkdir. Bəlkə bu gün Gürcüstanın ərazi bütövlüyü dünya üçün prioritet deyil, amma geosiyasi vəziyyətin sürətlə dəyişdiyini nəzərə alsaq yaxın vaxtlarda bu məsələnin də ön plana çəkiləcəyini proqnozlaşdırmaq olar. Danışıqları davam etdirən Gürcüstan tərəfi Rusiyanın Ukraynada məğlub olacağına ümid bəsləyir".
Aişə Mustafayeva